İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq üçün ən yaxşı meyvələr hansılardır?
Vitaminlərin və antioksidantların müntəzəm qəbulu kəskin respirator virus infeksiyaları (KRVİ) xəstəliklərinin tezliyini azaltmağa və orqanizmin bərpasını sürətləndirməyə kömək edir. Həkimlər ən çox meyvələrin qəbulunun artırılmasını tövsiyə edir, lakin onların hamısı bu xəstəliklərlə mübarizədə eyni dərəcədə effektiv deyil. Bundan əlavə, qida rasionunda antioksidantların olmasının vacibliyini unutmamaq lazımdır – onlar hüceyrələri zədələnmədən qoruyur, iltihabı azaldır və orqanizmin ümumi bərpasına kömək edir.
Bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Rusiyalı nutrisiologiya məsləhətçisi Alla Porxun soyuqdəymə dövründə hansı adi və ekzotik meyvələrin qida rasionuna daxil edilməsinin lazım olduğunu söyləyib.
“Sitrus meyvələri – portağal, limon, mandarin və qreypfrut – C vitamini ilə zəngin olduğuna görə klassik seçim olaraq qalır. Bu vitamin immuniteti dəstəkləyir və kollagen sintezini stimullaşdırır ki, bu da toxumaların sağalmasını sürətləndirir və selikli qişaları möhkəmləndirərək infeksiyalara qarşı əlavə baryeri yaradır. Məsələn, bala əlavə edilmiş çaya qatılan limon iltihablanmış boğazı sakitləşdirməyə kömək edir”, – deyə o izah edib.
Kivi də sitrus meyvələri kimi C vitamini, həmçinin antioksidantlar və liflərin mənbəyidir ki, bu da bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyir və bu da birbaşa immun sisteminin funksiyaları ilə əlaqəlidir. Nar isə öz növbəsində güclü iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan dövranını yaxşılaşdırır və infeksiyaların yayılmasına mane olan antivirus təsiri göstərən polifenollar tərkiblidir.
“KRVİ zamanı banan, alma və xırnik da faydalıdır. Kaliumla zəngin olan bananlar, xüsusilə yüksək hərarət zamanı su-duz balansını saxlamağa kömək edir, pektinlə zəngin olan almalar isə bağırsağın işini normallaşdırmağa kömək edir ki, bu da immun cavaba müsbət təsir göstərir. Xırnik A, C, P vitaminləri, həmçinin yod və maqnezium sayəsində damarları möhkəmləndirir və güclü iltihab əleyhinə təsirə malikdir”, – deyə ekspert bildirib.
Qovunağacı (papaya), karambola, feyxoa və Çin gavalısı (liçi) kimi ekzotik meyvələr KRVİ mövsümündə immun sistemini gücləndirmək üçün daha effektiv seçim ola bilər. Papaya C və A vitaminlərindən başqa həzmi yaxşılaşdıran və toxumaların bərpasına kömək edən papain fermenti tərkiblidir. Antioksidantlarla zəngin olan liçi antivirus təsiri göstərir və orqanizmin bərpasını sürətləndirir. Feyxoa yüksək yod tərkibi sayəsində immun reaksiyalarının tənzimlənməsində əsas rol oynayan qalxanabənzər vəzinin işini dəstəkləyir. Ulduz forması ilə tanınan karambola hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək edən və virusların daxil olmasına qarşı baryeri yaradan selikli qişaların sağlamlığını dəstəkləyən C və A vitaminləri tərkiblidir.
“Mürəbbə şəklində belə faydasını saxlayan moruq və qara qarağat kimi giləmeyvələr də vacib əlavədir. İstilik emalı zamanı C vitamininin bir hissəsi məhv olsa da, polifenollar və digər bioloji aktiv maddələr qorunub saxlanılır ki, bu da damarları möhkəmləndirməyə və iltihabı azaltmağa kömək edir”, – deyə o yekunlaşdırıb.