İnsan öz dəyərini bilsə…

İnsan öz dəyərini bilsə…

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayının artıq kifayət qədər hissəsini geridə qoymuşuq. Artıq mübarək Şəban ayına və İlahi ziyafət ayı – Ramazan ayına doğru hərəkətdəyik. Hələ fürsət var ikən, çalışaq ki, Rəcəb ayının imkanlarından istifadə edək. Xüsusilə bu ayda fərqində olaq ki, kimin hüzurundayıq. Allah Təala bu ayı bizlərə lütf edib, Allahın hüzurundayıq və Onun ziyafətinə hazırlıq üçün də bizim ixtiyarımızda iki ay qoyub.

Bu ayda xüsusi diqqət olunmalı əməl – günün duasıdır. Çünki, bu dua – insanda ümid formalaşdıran duadır. Bu dua bütün mənfiliklərdən Allaha sığınmağı öyrədir. Bu dua əlimizin boşluğunun, fəqirliyimizin, acizliyimizin fərqinə varmağı öyrədir. Və eyni zamanda, insana nicat yolunu göstərir.

İnsanı məhvə aparan 3 əxlaqi rəzilət

Bu bəhsimizdə üç rəzilət haqqında danışmağı faydalı gördük. Çünki, bu ay – Rəcəb ayı – əxlaqi təkamül üçün, rəzilətlərdən qurtuluş üçün böyük imkanlar yaradır.

Əxlaqi rəzilətlərdən qurtulmaq yollarından biri – ümumiyyətlə onları tanımaqdır. Hansı rəzilətlər var?

Həzrət İmam Həsən Müctəbadan (ə) nəql olunan hədisdə gəlir ki, insanı məhv edən 3 rəzilət mövcuddur. Həzrət (ə) buyurur: “İnsanın həlak olmasına üç şey səbəb olar: kibr, tamah, paxıllıq”.

Kibr, təkəbbürlük – çox geniş yayılmış rəzilətlərdən biridir. İnsanın özünü yuxarı görməsi, xudbin olması, təkəbbürlü olması – ən həlakedici məsələlərdəndir. Allah hamımıza bundan müalicə olunmanı, xilas olmanı nəsib etsin.

İkincisi – insanın tamahkarlığıdır. Tamah – insanda olan bir zəiflik, əxlaqi rəzilətdir ki, insan ona lazım olmayan maddiyyatdan, hər hansı mövzulardan kifayətlənmir. Tamahkar insan dünyadan daha çox mövzuda fayda istəyir və onun bu istəyi bitmək bilmir. Tamah – məhvedicidi mövzulardan və nəfsin ən çox meydan suladığı məsələlərdən biridir.

Üçüncü məsələ isə paxıllıqdır. Paxıllıq barədə İmam Əli (ə) buyurmuşdur: “Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər”.

İmam Həsənin (ə) buyuruşundan belə başa düşülür ki, insanı həlak olmağa aparan üç ciddi əxlaqi rəzilət var. İnsanın özünü böyük bilməsi, digərlərindən artıq görməsi, insanın tamahkarlığı, daha çox dünya mənfəətinə can atması və paxıllıq etməsi –  bunlar həlaka aparır.

Şeytanın (lən) tənəzzülü təkəbbürlə başladı

Kibr, təkəbbür, insanın özünü başqalarından üstün bilməsi – ümumiyyətlə imanı aradan aparar, insanın dini kimliyini, mütədəyyinliyini aradan aparar. Təkəbbürlə, kibrlə, özünü böyük, başqalarından artıq tutmaqla iman, möminlik bir arada qala bilməz. Məhz bu xislətin səbəbinə şeytan (lən) lənətlənmişdir. Şeytanın (lən) tənəzzülünün əsas amili – özünü böyük, artıq bilmə olmuşdur. Allah hamımızı bu xəstəlikdən qorusun.

Bu xislət insanda hər an üzə çıxa bilər. İş yerində insan özünü başqalarından üstün bilə bilər. Dostluqda, yaşadığı mühitdə, qonşuluqda, ailədə insan özünü başqalarından üstün tuta bilər. Bəzən hətta dini qiyafə də insanı bu istiqamətə aparıb çıxarda bilər. İnsan namaz qılar – amma bundan qürurlanar, buna görə özünü başqalarından üstün tutar. İnsan ibadət edər, şeytan (lən) isə məhz bu qapıdan daxil olar və onu özünü üstün tutmağa təhrik edə bilər. Ona görə də insan diqqətli olmalı, özünü başqalarından üstün tutmamalıdır.

İkinci mövzu – tamahdır. Tamah, bəşər övladının atası – Həzrət Adəmin (ə) mahiyyətcə cənnətdən xaric olma amillərindən biridir. Yəni, faktiki olaraq bu qapıdan, bu yöndən şeytan (lən) o situasiyada Həzrət Adəmə (ə) öz təsirini göstərmişdi.

Paxıllıq da insanı bədbəxtliyə aparan mövzudur. Ümumən də bəşərin yaranmasından bəri biz Habil və Qabil nümunəsində paxıllığın ilk qurbanlarını görürük. Çox diqqətli olmalıyıq ki, bu rəziləti tanıyaq, özümüzdə bunun düzgün diaqnozunu aparaq və daha sonra əgər bizdə varsa, sağalmağa çalışaq.

Öz dəyərimizi bilməsək…

Rəzilətlərdən qurtuluşun əsas yollarından biri – insanın özünün dəyərini bilməsidir. Çünki, məhz öz dəyərini bilməyən insan, nə üçün yarandığının fərqinə varmır, özünü düzəltməyə can atmır. Həzrət İmam Hadi (ə) buyurur: “O insan ki, öz dəyərini bilmir, şəxsiyyətini aşağı bilir – həmin insanın şərindən özünü rahat hiss etmə”.

Həzrət İmam Hadinin (ə) buyuruşundan anlaşılır ki, insan fərqində olmalıdır ki, əgər bir insan öz dəyərini bilməsə, şəxsiyyətini aşağı bilsə, özünü dəyərsiz bir varlıq kimi hiss etsə – həmin şəxsin əlindən hər cür mövzular baş verə bilər və onun şərindən özünü amanda bilməməlisən.

Buradan bir neçə ibrətli dərslər çıxa bilər.

Birincisi, bizim dinimiz, inancımız bizə öyrədir ki, insan öz varlığının dəyərini bilməlidir. Allah bizi yaradıb, var edib, bizə bu varlığı Allah verib və insan öz varlığının dəyərini bilməlidir. İnsan Allah hüzurundadır, Allahın yaratdığıdır. İnsan öz varlığının dəyərini bilən zaman bunu Allah qatında hiss edər, o varlığın təkamülünü istəyər. Bu, uşaq tərbiyəsindən tutmuş, insanlarla rəftardan tutmuş, bütün müstəvilərdə özünü göstərməlidir.

Diqqətli olmaq lazımdır ki, uşaqlar özünə dəyər verərək böyüsünlər, uşaqlar özlərini dəyərsiz hiss etməsinlər. Şeytanın (lən) ən böyük hoqqalarından biri budur ki, toplumda insanlar özlərini dəyərsiz hiss etməyə, aşağı görməyə başlayırlar. Əgər insan özünü dəyərsiz və aşağı görərsə, ondan bütün hərəkətlər, bütün mənfilik və şərlər meydana çıxa bilər. Məhz buna görə İmam Hadi (ə) buyurur ki, o cür şəxsin şərindən özünüzü amanda hiss etməyin.

Bu, uşaq tərbiyəsində çox önəm verilməli mövzulardandır. Uşaqlar ləyaqətli, izzətli, öz dəyərlərlərini, Allah bəndəsi kimi qiymətlərini bilən fərdlər kimi yetişməlidirlər. Ailənin içərisində elə bir ab-hava olmalıdır ki, ailədə kişi də, xanım da, övladlar da Allah qatında öz dəyərlərini hiss edə bilsinlər.

Toplumda da insanlararası münasibətlərin ən gözəl inkişafı o zaman baş verir ki, insanlar Allah qatında öz dəyərini hiss edirlər. Ləyaqət və izzət əslində bununla yoğrulur. Yəni, bir insanın ləyaqəti, izzəti olmasa, özünü tam mənada dəyərsiz və zay görsə – çox mənfilər qarşıya çıxar. Təbii ki, bunun təvazökarlığa heç bir aidiyyəti yoxdur. Təvazökarlıq odur ki, insan Allah qatında özünü Allah bəndəsi kimi görür, özünü Allahın yaratdığı dəyərli varlıq sayır, amma fərqindədir ki, bütün yaradılış – Allah hüzurudur və özünü mahiyyət etirbarilə Allah hüzurunda kiçik görür. Yəni, bu mahiyyət anlamı, özünü dəyərsiz görmə mənasına gəlmir. Təvazökarlıqla özünü dəyərsiz bilmə arasında bu mənada çox ciddi fərq var.

Ən mənfi işləri görən insanlar, öncə öz dəyərlərini itirib

Bəzən biz toplumda müşahidə edirik ki, adətən mənfi işlər görən insanların ilk keçdiyi şeylər, ilk itidikləri – psixoloji baryerlər olur. Onlar hissə-hiss ləyaqəti əldən verirlər, sonra isə özləri də özlərinə hörmət etmirlər. O, özünə hörmət etməyəndə, ləyaqəti əldən verəndən sonra artıq cürbəcür ictimai zülmləri, fəsadları da rahatlıqla həyata keçirə bilirlər. Çox önəmli nöqtələrdən biri məhz budur. Məktəb, universitet, mühit, telekanal əslində bunu aşılamalıdır ki, insan öz ləyaqətini əldən verməsin. Çünki, dünya tarixində bütün səviyyəsiz işlər, mənfi işlər o insanları istifadəsi ilə baş verib ki, onlar özlərini dəyərsiz görüblər, ləyaqətlərini itiriblər və bu cür qəribə davranışlarla özlərini ödəmiş olublar.

Nə özünü, nə də digərini dəyərdən salmamalı

Necə ki, insan özünü dəyərdən salmamalıdır, elə də digər insanları da dəyərdən, gözdən salmamalıdır. Mübarək dinimizin nəzərində bir mömini dəyərdən salma, gözdən salma – ən mənfi işlərdən hesab olunur. Çünki, bu da mahiyyət etibarilə insanın özünün dəyərsi olmasına, əvvəllər gizlində yol verdiyi səhvləri, xətaları daha rahat etməsinə yola aça bilər.

Həzrət İmam Sadiq (ə) buyurur: “Hər kəs bir mömini onun haqqında bir söz deməklə, eybini faş etməklə, abrını aradan aparmaqla insanların gözündən salmaq istəsə, Allah Təala həmin şəxsi öz vilayətindən xaric edər və şeytanın (lən) vilayətinə (tabeliyinə) daxil edər”.

Nə danışdığımıza, nəyə qulaq asdığımıza, nə etdiyimizə çox diqqətli olmalıyıq. Bəzən insanın adi bildiyi bir söz, onun bütün aqibətini zay edər. Allah yanında dəyəri olan insanı digər insanların gözündən salmaq üçün danışılan bir söz, onu danışan insanı şeytanın (lən) tabeliyinə daxil edə bilər. Allah bu insanı Öz vilayətindən çıxardar. Rəcəb ayında xüsusən dilimizlə bağlı diqqətli olmalıyıq.

Allah möminlərin qəlblərini yaxınlaşdırır

Möminlər bir-birinin abrının keşikçisi olmalı, bir-birinə ehtiram göstərməli, bir-birinə məhəbbət göstərməlidir. Çünki, Allah Təala Özü möminlərin qəlblərini bir-birinə yaxın edib.

Allah Təala Qurani-Kərimin “Ənfal” surəsinin 26-cı ayəsində buyurur: “Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, yenilməz qüdrət və hikmət sahibidir”.

Ayəyə diqqət etdikdə, mühüm nəticələrə gəlmək olur. Təfsirlərə əsasən, mühüm nöqtələrdən birincisi budur ki, qəlblər və onların arasında bağlantı Allahın əlindədir. Qəlblər Allaha aiddir, qəlblərarası məhəbbətin, ülfətin yaranması, qəlblərarası vəhdətin əmələ gəlməsi Allahın inayəti ilə olur. Allahdır ki, qəlblər arasında ülfət yaradır və onları bir-birinə bağlayır.

İkinci mühüm dərs budur ki, vəhdət, ülfət və məhəbbət – Allahın nemətlərindəndir ki, Allah xatırladır. Allah qəlbləri mehriban edir, ülfət yaradır deməklə, bu neməti Rəbbimiz bizə xatırladır, bizə minnət qoyur. Allah bunun şükrünü yerinə yetirməyi bizlərə nəsib etsin!

Üçüncü mühüm dərs budur ki, zahiri birlikdən, zahir vəhdətdən daha mühüm – qəlbi və batini bağlılıqdır. Bu, daha dəyərlidir.

Dördüncü mühüm dərs budur ki, insanlararası vəhdət – İlahi rəhbəri gücləndirər. Öncəki ayə kontekstində aydın olur ki, orada ümumən İlahi rəhbərin güclənməsi faktorlardan biri kimi, sonrakı ayədə möminlərarası bağlantı, ülfətin olması göstərilir.

Beşinci dərs budur ki, İslama qədər insanlar bir yerdə deyildi, insanların qəlbləri birlikdə deyildi. İslama gəlmə, insanların mömin olması həm də möminlərlə qəlblərinin yaxınlaşması deməkdir. Yəni, insan fərqində olmalıdır ki, imanın göstəricilərindən biri, digər möminlərlə yaxınlıqdır.

Digər dərs isə budur ki, sərvətlilik, imkanlılıq və məqam bütün hallarda məhəbbət yaratmır. Olur ki, madiyyat da, məqam da işə düşür, amma insanlar arasında məhəbbət yaranmır. O, Allahın əlində olan mövzudur.

Yeddinci dərs odur ki, möminlər arasında məhəbbətin yaradılması – Allahın izzət və hikmətinin göstəricisidir.

Allah Təala möminlərin qəlblərinin yaxınlaşmasını nəsib etsin və bununla Zəmanə Sahibinin (ə.f) güclənməsini nəsib etsin!

Allahım, bizlərə öz dəyərimizi bilib, mənəvi və əxlaqi rəzilliklərdən xilas olmağı nəsib et!

Allahım, Rəcəb ayında hallarımızın yaxşıya doğru dəyişməsi nəsib et!

Allahım, qəlblərimizi imana və möminlərə yaxın et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + fifteen =