İran İsrail rejiminin cinayət əməlləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin rəyinə münasibət bildirib

İran İsrail rejiminin cinayət əməlləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin rəyinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Beynəlxalq Ədalət Məhkəməsinin dünən “İsrail rejiminin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Qüdsdəki siyasət və hərəkətlərinin hüquqi nəticələri” ilə bağlı verdiyi məşvərətçi rəyinə münasibət bildirərək deyib: “Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi məsləhət rəyi İsrail rejiminin qanunsuz və cinayət əməlləri ilə bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir.”

Kənani məhkəmənin sionist rejimin beynəlxalq hüququ pozan hərəkətləri ilə bağlı rəyinə, o cümlədən Fələstin torpaqlarının işğalının davam etdirilməsinin qeyri-qanuni adlandırılması, Fələstin torpağında qəsəbə salınmaları və məskunlaşmaların qeyri-qanuni adlandırılması, eləcə də Fələstin xalqının öz təbii sərvətləri üzərində suverenlik hüququnun pozulması, həmçinin, məhkəmənin fələstinlilərə dəymiş zərərin ödənilməsinin zəruriliyini vurğulamasına istinad edərək bildirib: “İran İslam Respublikası hesab edir ki, məzlum Fələstin xalqının müqəddəratını təyin etmək üçün fundamental hüquq ötən illər ərzində, xüsusən də İsrailin uşaq öldürən rejiminin mövcudluğunu elan edəndən sonra davamlı olaraq pozulub və bu, hələ də davam edir, Fələstin xalqının hüquqlarının tapdalanması müəyyən bir müddətlə məhdudlaşmır.”

Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Qəzzədə son bir neçə ayda soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törədilməsi də Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun davamlı şəkildə pozulmasına səbəb olub.

Məzlum Fələstin xalqının hüquqlarına dair yüzlərlə qətnamə və beynəlxalq sənədin tanınmasına toxunan Kənani deyib: “Gözlənti budur ki, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Təhlükəsizlik Şurası sionist rejim başçılarını məsuliyyətə cəlb etmək və sionist rejimin Fələstin xalqına qarşı təcavüzünə və bu rejim tərəfindən Fələstin torpaqlarının qeyri-qanuni işğalına son qoymaq istiqamətində əməli addımlar atsın.”

Ölkəmizin diplomatik qurumunun sözçüsü mart ayında Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələri zamanı İran nümayəndə heyətinin açıqladığı mövqeyə istinad edərək vurğulayıb: “İşğal altındakı Fələstindəki mövcud qeyri-qanuni vəziyyətə son qoymaq üçün ən təsirli həll yolu müsəlmanlar, yəhudilər və xristianlar da daxil olmaqla, Fələstinin bütün əsil sakinləri və vətəndaşlarının iştirakı ilə hərtərəfli referendum keçirmək İran İslam Respublikasının mütərəqqi ideyasının əməli şəkildə reallaşmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + eighteen =