İraq Milli Kəşfiyyat Xidməti İŞİD-in əsas maliyyələşdirmə şəbəkəsini ələ keçirdi

İraq Milli Kəşfiyyat Xidməti bu gün – bazar ertəsi – yaydığı açıqlamada İŞİD terror qruplaşmasının əsas maliyyələşdirmə şəbəkəsinin ifşa edilərək zərərsizləşdirildiyini bəyan edib.
Açıqlamada vurğulanıb:
“Gərgin səylər, fövqəladə sərhədyanı izləmələr və İraq Ali Məhkəmə Şurasının nəzarəti nəticəsində, bir sıra ölkələr arasında tekfirçi terrorçuların qaçaqmalçılığını həyata keçirən İŞİD-in baş maliyyə şəbəkəsi İraq kəşfiyyat orqanları tərəfindən ələ keçirilmişdir.”
Tesnim agentliyinin məlumatına görə, bu əməliyyat 2023-cü ildə Kərkük vilayətində həyata keçirilən xüsusi əməliyyatın davamıdır. Həmin əməliyyatda da terror hüceyrələrinin maliyyələşməsindən məsul olan İŞİD-ə aid bir şəbəkə məhv edilmişdi.
Bildirilib ki, hazırkı əməliyyat İraq daxilində və xaricində aparılan genişmiqyaslı izləmələr nəticəsində, o cümlədən Qərbi Afrikanın bəzi ölkələrində həyata keçirilib.
İraq Milli Kəşfiyyat Xidməti sözügedən şəbəkənin indiyədək bir sıra Avropa dövlətlərində terror hücumlarının təşkilində iştirak etdiyini də diqqətə çatdırıb.
Açıqlamanın sonunda qurum vurğulayıb ki, İŞİD qalıqlarının tamamilə aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdiriləcək və heç kəsə ölkənin milli təhlükəsizliyini qaranlıq plan və layihələrlə təhdid etməyə imkan verilməyəcək.