İŞİD lideri və onun fəaliyyətləri haqda yeni məlumatlar yayılıb

İraqın Terrorla Mübarizə Xidmətinin rəhbəri Abdul Vəhab əl-Saedi İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Quraşi haqqında yeni məlumatlar əldə etdiyini söyləyib.
“Əl-Ərəbi əl-Cədid” qəzeti Əl-Saediyə istinadən yazıb ki, Əl-Quraşi artıq İŞİD üzvlərinə birbaşa rəhbərlik etmək iqtidarında deyil.
İraqlı komandirin sözlərinə görə, Əl-Quraşi davamlı olaraq İraq və Suriya arasındakı sərhəddə hərəkət edir. Bu yerdəyişmələrlə bağlı aktivliyi sərhəd bölgələrində aydın müşahidə etmək olur.
İraqlı komandir əlavə edib ki, Əl-Quraşi artıq İŞİD ünsürləri üçün o qədər də əhəmiyyətli deyil və bu səbəbdən o fərdi və gizli şəkildə fəaliyyət göstərir.
Həbs olunan İŞİD üzvlərindən rəhbərlərini yaxından tanıyıb-tanımadıqları və ya ona beyət etdikləri soruşulduqda isə onlar həqiqi bir şəxslə deyil, sanki bir ruha beyət etdiklərini və İŞİD liderini görmədiklərini, hətta səsini belə eşitmədiklərini bildirir.
Əl-Quraşi 2019-cu ilin oktyabrında Suriyanın şimal-qərbindəki hərbi əməliyyat zamanı öldürülən Əbu Bəkr əl-Bağdadinin canişini olaraq təyin edilib.
Bu günlərdə İraq təhlükəsizlik qüvvələri, xüsusən Həşd Şəbi qüvvələri İŞİD terrorçularının İraq ərazisinə girməsinin qarşısını almaq üçün Suriya ilə sərhəddə əməliyyatlar həyata keçirirlər.