İsrail ordusu Qəzza şəhərinin mərkəzindən təxliyə əmri verib

Baş nazir Netanyahu atəşkəsi müzakirə etmək üçün döyüş kabinetini topladığı bir vaxtda İsrail ordusu Qəzza şəhərinin mərkəzindəki məhəllələrin geniş miqyaslı boşaldılmasına göstəriş verib.
İsrailin baş naziri Eynyamin Netanyahunun müvəqqəti atəşkəs mümkünlüyünü müzakirə etmək üçün döyüş kabinetini topladığı bir vaxtda və İsrail mediasının “tale günləri” olaraq xarakterizə etdiyi bir dövrdə İsrail ordusu Qəzza zolağında hərbi təzyiqlərini ən yüksək səviyyəyə çatdırıb.
Ordu Qəzza şəhərinin ürəyi sayılan və yüz minlərlə köçkün ailənin yaşadığı Zeytun, Şücaiyyə, Tuffah və Derec məhəllələri üçün geniş miqyaslı təxliyə əmri verib.
Təxliyyə xəritəsinin yayımlanması Qəzza şəhərinin mart ayından bəri gördüyü yaşayış məntəqələrini hədəf alan ən intensiv hava hücumları və söküntü əməliyyatları ilə üst-üstə düşür.
“Əl-Əxbar” qəzetinə danışan Cibəliyyə sakini Əhməd Əbu Verde İsrail ordusunun gecə saatlarında tanklarla irəlilədiyini, binalara partlayıcı yerləşdirdiyini, daha sonra isə eyni anda onlarla evi partlatdığını bildirib.
Mülki qırğınlar güclənir
İsrail ordusu sistemli söküntü əməliyyatları ilə yanaşı, mülki qırğınları da gücləndirib. Son 48 saat ərzində Qəzzanın qərbində köçkün ailələrin sığındığı 20-yə yaxın çadırın bombalanması nəticəsində 13 nəfər həlak olub.
Tuffah məhəlləsində ictimai bazara edilən hücumda 15 mülki vətəndaş həyatını itirib.
Səhiyyə mənbələri son iki gündə Qəzzada təxminən 150 nəfərin öldüyünü və yüzlərlə insanın yaralandığını bildirib.
İsrailin “Haaretz” qəzetində dərc olunan xəbərə görə , İsrail ordusunun Qəzzada sökdükləri hər bina üçün söküntü sürətini artırmaq üçün razılaşdığı podratçı şirkətlərə 1500 dollar ödədiyi bildirilir.