İsrail ordusu Qəzzaya yardım aparan Madleen gəmisini ələ keçirib

İsrail ordusu Qəzzaya yardım aparan Madleen gəmisini ələ keçirib

İsrail qüvvələri Qəzza zolağının blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Madleen gəmisinə müdaxilə edib. İsrail ordusu gəmidəki fəalları saxlayıb və gəmini yedəyə alaraq Aşdod limanına aparıb. HƏMAS hadisəni “dövlət terroru” kimi xarakterizə edərək, fəalların dərhal azad edilməsini istəyib.

İsrail işğal qüvvələri bu gün səhər saatlarında Qəzza zolağının blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Madleen gəmisinə müdaxilə edərək, gəmidəki fəalları saxlayıb.

Səyahəti təşkil edən Azadlıq Donanması Koalisiyası İsrail ordusunun gəmiyə mindiyini elan edərək, könüllü fəalları saxlayıb və gəmi ilə əlaqəni kəsib.

Azadlıq Donanması Telegram üzərindən verdiyi açıqlamada ola biləcək müdaxiləyə qarşı gəmidə həyəcan siqnalının çalındığını və xilasedici jiletlərin hazırlandığını bildirib.

Gəmidə olan Avropa Parlamentinin üzvü Rima Həsən həyəcan sirenlərinin çalındığı anın görüntülərini paylaşıb.

Həsən daha sonra bildirib ki, pilotsuz təyyarə gəminin üzərindən keçib və naməlum ağ mayeni ətrafa töküb.

İsrailin müdafiə naziri Yisrael Katz bazar günü İtaliyanın Kataniya limanından yola düşən Madleen gəmisinin Qəzzaya çatmasının qarşısını almaq üçün orduya əmr verib. Katz gəmidəki fəalları “Həmas üçün təbliğat trubaçısı” olmaqda ittiham edib.

Gəmi yedəklə İsrail sahillərinə aparılıb

İsrail Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, donanma “qadağan olunmuş zona”ya yaxınlaşan gəmiyə istiqaməti dəyişmək üçün xəbərdarlıq edib.

Təxminən bir saat sonra gəminin İsrail sahillərinə çəkildiyi açıqlanıb. “Sərnişinlərin öz ölkələrinə qayıtması gözlənilir”, – nazirlikdən bildiriblər.

Açıqlamada həmçinin, “Yaxtada olan məşhurların istehlak etmədiyi az miqdarda yardım, əsl humanitar kanallarla Qəzzaya köçürüləcək” ifadələri işlədilib.

Həmasdan qınama və çağırış

HƏMAS isə həbs edilən fəalların azad edilməsini tələb edərək, onların təhlükəsizliyinə tamamilə İsrail işğalçı qüvvələrinin cavabdeh olduğunu vurğulayıb.

Hərəkatdan verilən açıqlamada işğalçı qüvvələrin beynəlxalq sulara müdaxiləsi, gəminin Qəzzaya çatmasının zorla qarşısını alması, Aşdod limanına çəkməsi və göyərtəsində olanların saxlanması “piratçılıq cinayəti” olaraq pislənib.

HƏMAS bu hərəkəti “mütəşəkkil dövlət terroru, beynəlxalq hüququn açıq şəkildə pozulması və humanitar impulsla hərəkət edən mülki könüllülərə hücum” kimi qiymətləndirib.

Həmas həmçinin BMT və beynəlxalq təşkilatları bu cinayəti pisləməyə və Qəzzaya qarşı blokadanın aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − fifteen =