İsrail ordusu Yəmənin üç limanından insanları təxliyə etməyə çağırıb

İsrail Müdafiə Qüvvələri üsyançı husilərin nəzarətində olan Yəmənin Ra-İsa, Hodeyda və Əs-Səlif limanlarında yaşayan insanları dərhal təxliyə etməyə çağırıb.
“Report” xəbər verir ki, müvafiq xəbərdarlığı qurumun sözçüsü Avixay Edri “X” səhifəsində ərəb dilində dərc edib.
“Husi rejiminin terror fəaliyyətlərini həyata keçirmək üçün dəniz limanlarından istifadə etdiyini nəzərə alaraq, biz bu limanlardakı hər kəsi öz təhlükəsizlikləri üçün oranı dərhal tərk etməyə və həmin ərazilərdən uzaq durmağa çağırırıq”, – deyə o qeyd edib.
2023-cü ildə Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazilərini atəşə tutacaqları və onlarla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq etmişdilər.
Hücumlar bu il yanvarın ortalarında Fələstin anklavında atəşkəs elan edildikdən sonra dayandırılıb, lakin martın əvvəlində atəşkəs pozulduqdan sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmilərinə hücumları bərpa etdiklərini və daha sonra Ben Qurion hava limanı da daxil olmaqla yəhudi dövlətinin daxilindəki hədəflərə hücum etməyə cəhd etməyə başladıqlarını açıqlayıblar.