İsrail Qəzzaya yardım aparan gəmini bombalayıb

İsrailin Azadlıq Donanmasına hücumu 2010-cu ildə Mavi Mərmərə gəmisinə qarşı 9 mülki vətəndaşın ölümünə səbəb olan əməliyyatı xatırladaraq, Qəzzanın blokadası ilə bağlı beynəlxalq müzakirələri yenidən alovlandırıb.
Qəzzaya humanitar yardım daşımaq üçün yola çıxan Azadlıq Donanmasına aid olduğu bildirilən gəmi gecə saatlarında Malta sahillərində İsrail pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb.
Hücum nəticəsində gəmidə yanğın başlayıb, gövdəsi zədələnib və gəminin batmağa başladığı bildirilib.
Azadlıq Donanması İsrailin illərdir tətbiq etdiyi dəniz blokadasını yarmaq məqsədi ilə dünyanın müxtəlif ölkələrindən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış beynəlxalq dəniz koalisiyası kimi fəaliyyət göstərir.
Azadlıq Donanması Koalisiyası sosial media platforması X-da hücumun iki dəfə gəminin ön hissəsində həyata keçirildiyini, nəticədə gəminin gövdəsində böyük dəlik yarandığını və yanğının baş verdiyini açıqlayıb .
Koalisiya rəsmiləri CNN-ə bildiriblər ki , gəmidə təxminən 30 nəfər olub və gəmi hücumdan sonra su almağa başlayıb .
Hadisədən sonra Koalisiya Malta rəsmilərinin gəminin göndərdiyi qəza çağırışına cavab vermədiyini iddia edib.
Bəyanatda vurğulanıb ki, beynəlxalq dəniz hüququna uyğun olaraq, Malta öz dəniz yurisdiksiyası daxilində qəza vəziyyətində olan mülki gəmiyə müdaxilə etməyə borcludur.
İsrail rəsmiləri hücumla bağlı heç bir rəsmi açıqlama verməyiblər, lakin hücum İsrailin 2010-cu ildə Mavi Mərmərə gəmisinə qarşı 9 mülki vətəndaşın ölümü ilə nəticələnən əməliyyatını xatırladaraq, Qəzzanın blokadası ilə bağlı beynəlxalq müzakirələri yenidən alovlandırıb.
Məsələ ilə bağlı bir qiymətləndirmə edən Qəzza Mühasirəsini Yırtma Beynəlxalq Komitəsinin sədri Zaher Biravi Əl-Mayadin-ə hücuma məruz qalan gəminin adının “Qlobal Vicdan” olduğunu və gəmidəki insanların sağlamlıq vəziyyəti ilə bağlı məlumat ala bilmədiklərini söylədi.
Malta hökumətini və beynəlxalq ictimaiyyəti gəmidəki mülki fəalların həyatını xilas etmək üçün təcili tədbirlər görməyə çağıran Biravi, hücuma məruz qalan gəmidə 80-ə yaxın mülki könüllü və Qəzzaya göndərilən əhəmiyyətli miqdarda humanitar yardım və tibbi ləvazimat daşıdığını bildirib.
O, bu yardım təşəbbüsünün Qəzzada aylardır davam edən humanitar fəlakət və aclıq vəziyyətinə diqqət çəkmək məqsədi daşıdığını vurğulayıb.