İsrail rejimi Türkiyə ilə münaqişədə olan Yunanıstanın silahlarını təkmilləşdirir
Yunanıstan Hərbi-hava qüvvələrində təkmilləşdirmə işləri ilə bağlı İsraildən kömək istəyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məqsədlə ölkənin Müdafiə Nazirliyi İsrailin “Elbit Maaraxot” konserni ilə danışıqlar aparır.
İsrailin “9-cu kanalı”nın xəbərinə görə, nəzərdə tutulan sazişin ümumi dəyəri on milyonlarla dollardır.
Gələn informasiyalara əsasən, İsrail tərəfi “Apache” helikopterlərinin modernizasiyası ilə məşğul olmaqla yanaşı, onlara “Spike NLOS” raketlərini quraşdıracaq.
Bundan başqa, konsern Yunanıstan HHQ-nə aid F-16, habelə, “Miraj-2000” təyyarələrinin də modernləşdirilməsini üzərinə götürüb. Həmin təyyarələrdə ən müasir avionika sistemi tətbiq olunacaq, habelə, pilotlar ən yüksək texnologiyalı dəbilqələrlə təmin ediləcəklər. Ekspertlər yunan təyyarələrinin demək olar ki, bütün göstərcilərə görə Türkiyənin döyüş maşınlarından geri qaldığını vurğulayırlar.
Qeyd edək ki, “Spike”lar İsrail istehsalı sayılan, tank əleyhinə ən yaxşı raketlərdən biri hesab olunur. Onun “Spike NLOS” variantı isə 25 km-dəki üfüqi hədəfləri asanlıqla vura bilir.