İsrail Suriya elitası üçün “ov mövsümü”nü açıb
Suriya maqnatı, prezident Bəşər Əsədin yaxın çevrəsinə daxil olan Baraa Katerji Livan sərhədi yaxınlığında pilotsuz təyyarədən endirilən raket zərbəsi nəticəsində öldürülüb.
İş adamının ortaq sahibi olduğu Katerji qrupu qətlin arxasında İsrailin olduğunu bildirib.
Baraa qardaşı Hussam ilə birlikdə uzun müddətdir Tehranın maraqları üçün kanal sayılırdı və hətta İran silahlarını daşımaqda ittiham olunurdu. Demək, yəhudi dövlətinin biznesmenə hücumunun motivləri var idi. Bununla belə, ekspertlər sui-qəsdin Suriya elitası daxilində müəmmalı ölümlərdən biri olduğuna diqqət çəkirlər.
Katerji qrupunun sözçüləri isə sosial şəbəkələrdə Katerjinin avtomobilinin İsrailin həmləsinin hədəfinə çevrildiyini elan edib. Zərbə Suriya-Livan sərhədi yaxınlığında, iranyönlü birləşmələrin böyük bazasının yerləşdiyi Əl-Səbbur zolağında həyata keçirilib. Maşının “Hizbullah”a bağlı səhra komandirlərindən birinin olduğu bildirilir.
Baraa və onun qardaşı Hussam uzun illər Suriyanın müharibə iqtisadiyyatında əsas mexanizm rolunu oynayıblar. Keçən on il ərzində Katerji qardaşları bank, tikinti, logistika, nəqliyyat və neft ticarətini əhatə edən geniş biznes qurublar.
ABŞ, Böyük Britaniya və Avropa İttifaqı 2018 və 2020-ci illər arasında Katerji qardaşlarına və onların etibarlı şəxslərinə qarşı əsasən neft sektorunda fəaliyyət göstərdikləri və hökumətə dəstək verdiyi üçün sanksiyalar tətbiq edib.
Britaniyanın “Financial Times” nəşri ilə söhbətində İsrail rəsmiləri zərbənin İsrail hərbçiləri tərəfindən həyata keçirildiyini təsdiqləyib.