İsrail Suriyada “təhlükəsizlik zonası” istəyirmi?
İsrailin Suriyaya hücumları təkcə hərbi hədəflərə qarşı əməliyyat deyil, daha geniş strateji hədəflərin bir hissəsidir. Antuan Lahdin Cənubi Livan Ordusuna bənzər bir quruluşdan Suriyanın yenidən qurulması səylərinə nəzarətə qədər bir çox ölçü gündəmdədir.
Sionist rejimin Suriyaya son hücumları hərbi əməliyyatlardan kənara çıxan çoxölçülü strategiyanın bir hissəsidir.
Livanlı jurnalist Əli Cezzini X (keçmiş Twitter) hesabında etdiyi qiymətləndirmədə İsrailin bu hücumlarla Suriyanın indiki və gələcək strateji imkanlarını məhv etməyi və dərin siyasi hədəflərə çatmağı hədəflədiyini bildirib.
İsrailin quru əməliyyatının son məqsədlərini proqnozlaşdırmaq çətin olsa da, Cezzininin fikrincə, əsas məqsədlərdən biri Suriyanın cənubunda “təhlükəsizlik kəməri” yaratmaqdır.
Bu strukturun Cənubi Livanda Antuan Lahd komandanlığında Cənubi Livan Ordusuna bənzər şəkildə qurula biləcəyi ifadə edilir.
Cənubi Livan Ordusu 1982-ci ildə İsrailin Livanı işğalı zamanı Səad Həddad tərəfindən qurulan və daha sonra Antuan Lahdin rəhbərliyi altında fəaliyyət göstərən İsrailin əməkdaşlıq etdiyi milis idi.
Sionist rejim bu ordudan 2000-ci ilə qədər Livandakı mövcudluğunu qorumaq üçün istifadə etdi.
Suriyada oxşar strukturun yaradılması ehtimalı cənubda Səudiyyə Ərəbistanı və İordaniyanın dəstəklədiyi bəzi qrupların mövcudluğu ilə gücləndirilir.
Bundan əlavə, İsrailin Suveyda bölgəsinə çatmaq səyləri və Baş nazir Benyamin Netanyahunun druzları və digər azlıq qruplarını hədəf alan ritorikası bu strategiyanı dəstəkləyir.
İsrailin digər hədəfi isə Suriyada yeni administrasiyaların əlində olan strateji kartları əlindən almaqdır.
Bu vəziyyət Suriyanın yenidən qurulmasına və İsraillə münasibətlərin gələcək tənzimlənməsinə təsir göstərdiyi üçün vacibdir.
Rejim bu prosesin gecikdirilməsinin öz maraqlarına zərər verəcəyini təkid edir.
Cazzininin qiymətləndirməsinə görə, Heyət Təhrir əl-Şamın (HTŞ) İsrailin bu addımları ilə bağlı susması diqqət çəkir.
Bu vəziyyət ya gizli razılaşmanın nəticəsi, ya da HTŞ-nin öz gücünü möhkəmləndirmək üçün vaxt udmaq cəhdi hesab edilir.
İsrailin HTŞ-yə təzyiqlərini artıraraq bu qrupdan güzəşt əldə etməyi hədəflədiyi iddia edilir.
Dəməşqdə qurulan yeni hökumət İsraillə birbaşa münaqişədən yayınır. Hökumətin hazırkı prioriteti daxili sabitliyi təmin etmək və yenidənqurma səylərini davam etdirməkdir. Lakin bu susqunluq İsrailin təzyiqlərini artırır və bölgədəki tənlikləri öz xeyrinə dəyişmək cəhdlərini sürətləndirir.
Mümkün ssenarilər
Cezzini Suriyadakı inkişafın üç əsas ssenarisini proqnozlaşdırır:
1) HTŞ normallaşmanı qəbul edərsə: Bu halda Suriya federal bir quruluşa çevrilə bilər. Kürdlər şərqdə öz bölgələrində güc qazanarkən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təsiri ilə yeni hökumət qurula bilər. İsrail Colan təpələrindən əl çəkmədən bölgədən çıxa bilər, Suriya isə iqtisadi asılılıq hesabına xaricdən asılı vəziyyətə düşəcək.
2) HTŞ normallaşmadan imtina edərsə: İsrail cənubda işğalını davam etdirərək yerli milislər yaratmağa davam edir. Suriya Demokratik Qüvvələri (SDQ) neft ehtiyatlarına nəzarət etməklə Suriyanın iqtisadi bərpasına mane olur. Türkiyənin SDQ-yə qarşı əməliyyatları məhdud təsirə malikdir, çünki SDQ ABŞ və İsrail tərəfindən qorunur.
3) Əgər İsraillə münaqişə başlayarsa: Hazırda bu ssenarinin mümkün olmadığı bildirilir. Dəməşq administrasiyasının prioriteti bərpa və yenidənqurma prosesinə diqqət yetirməkdir. Bununla belə, İsrail mümkün normallaşma prosesini sürətləndirmək üçün təzyiqini artıra bilər.