İsrailin “Dəmir Günbəz” sistemi necə işləyir? Xərc nə qədərdir?
İsrailin “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sistemi ölkənin raket hücumlarını bloklamasında mühüm rol oynayır.
İsrailin “Dəmir Günbəz” HHM sistemi 2011-ci ildə fəaliyyətə başlayandan etibarən İsrailə atılan çoxsaylı raketlərin qarşısını alıb.
İsrail xüsusilə Qəzza zolağı və Livandan atılan, ölkəni hədəfə alan raketlərdən qorunmaq üçün “Dəmir Günbəz” sistemindən istifadə edir.
Çərşənbə axşamı gecəsi İran İsrailə raket zərbələri endirdiyi zaman da İsrailin HHM sistemləri aktiv olub.
İsrail ilk dəfə 2006-cı il Livan müharibəsindən sonra “Dəmir Günbəz”i tək başına inkişaf etdirib. Daha sonra ABŞ də sistemin inkişaf etdirilməsində iştirak edərək, texnoloji dəstək və milyardlarla dollar maliyyə dəstəyi göstərib.
Sistem belə işləyir:
Üç hissəli sistem
“Dəmir Günbəz” İsrailin çoxtəbəqəli raketdən müdafiə sistemlərinin bir hissəsidir və 70 kilometrə qədər məsafədə qısa mənzilli raketləri bloklamaq üçün nəzərdə tutulub.
Hər bir “Dəmir Günbəz” batareyası üç əsas hissədən ibarətdir: 1 radar aşkarlama sistemi, gələn raketin trayektoriyasını hesablayan 1 kompüter və raketin məskunlaşmış və ya strateji əraziyə düşməsi ehtimalı olduqda, müdafiə raketlərini işə salan buraxılış qurğusu.
“Dəmir Günbəz”dən başqa İsrailin ballistik raketlərə qarşı “Arrow” və orta mənzilli raketlərə qarşı “David’s Sling” kimi digər HHM sistemləri var.
Xərc nə qədərdir?
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, hər bir “Dəmir Günbəz” raketinin istehsalı 40 min ilə 50 min dollar arasında xərcə başa gəlir.
Radar, kompüter və hər birində 20-yə qədər önləyici raketi ehtiva edən 3-4 buraxılış qurğusu daxil olmaqla, tam sistemin istehsalının dəyəri təxminən 100 milyon dollardır.
“Dəmir Günbəz”in istehsalına kömək edən “Raytheon”un məlumatına görə, İsraildə 10 belə sistem fəaliyyət göstərir. Bu rəqəm digər hesablamalardan bir qədər yüksəkdir.
ABŞ dəstəyi
“Dəmir Günbəz” ABŞ-nin demokrat və respublikaçı idarəçiləri tərəfindən ardıcıl olaraq dəstəklənən bir sistemdir. ABŞ-nin ardıcıl demokratik və respublikaçı administrasiyaları “Dəmir Günbəz” məsələsində İsraili dəstəkləyiblər.
ABŞ-nin özü də bu sistemləri satın alıb. 2019-cu ilin avqustunda ABŞ ordusu öz qısa mənzilli raketdən müdafiə imkanlarını artırmaq məqsədilə 2 “Dəmir Günbəz” batareyası almaq üçün müqavilə imzalayıb.