İtaliyada nəhəng vulkan oyandı – Alimlər qlobal təhlükədən danışır

İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Kampi Fleqrey supervulkanında güclü seysmik aktivlik alimləri ciddi narahatlığa salıb. Son altı ayda bölgədə 3 mindən çox kiçik yeraltı təkan qeydə alınıb ki, bu da normadan qat-qat artıqdır.
Bildirilir ki, supervulkanın püskürməsi qlobal miqyasda fəlakətə səbəb ola bilər – lavalar, kül buludları və ölümcül qaz axınları milyonlarla insanın həyatını təhlükəyə ata bilər. Kampi Fleqrey hazırda 4 milyondan çox insanın yaşadığı Neapol metropoliyasını təhdid edir.
İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, maqma yer səthindən cəmi bir neçə kilometr dərinlikdə yerləşir. Vulkanın aktivliyini göstərən daha bir əlamət də karbon qazı emissiyalarının artmasıdır – hazırda bu göstərici gündə 4 000-5 000 ton təşkil edir.
Qeyd edək ki, Kampi Fleqrey adlanan bu nəhəng kaldera sonuncu dəfə 1538-ci ildə püskürüb. Yeni tədqiqatlar bu prosesin gözləniləndən daha tez baş verə biləcəyini göstərir. Alimlər vəziyyəti yaxından izləyirlər, ancaq dəqiq tarix vermək mümkün deyil.