Kəllədə yeni orqan tapılıb
Alimlərin kəllədə əvvəllər təsbit olunmayan orqan tapdığı bildirilib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Radioterapiya və Onkologiya jurnalında dərc olunan məqalədə, yüksək görüntü imkanı verən aparatla insan bədəninin toxumalarını skan edən alimlərin, kəllədə burun boşluğunun boğazla birləşdiyi yerdə sıxılmış cüt böyük tüpürcək vəzisi tapdıqları qeyd edilib.
Alimlər bunun həqiqət olduğu təqdirdə bu bölgədəki xəstəliklərə baxışı dəyişdirə biləcəyini qeyd edirlər.
Tədqiqat qrupundan Hollandiya Xərçəng İnstitutunun həkimi Matthiys Valstar belə deyib: “İstənilən müasir anatomiya kitabında tüpürcək vəzilərinin yalnız üç əsas növü vardır: qulaqların yaxınlığında, çənənin altında və dilin altında. İndi dördüncüsünü düşünürük”.
Valstar yeni aşkar edilmiş tüpürcək vəzisinin radiasiya terapiyasında zədələnmiş tüpürcək bezləri üçün əvəzedici orqan rolunu oynaya biləcəyini qeyd edib.