KİV: Paşinyan Zəngəzur dəhlizinə nəzarət üçün ABŞ-la anlaşma memorandumu imzalayıb

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.
APA xəbər verir ki, nəşr Zəngəzur dəhlizini “Tramp körpüsü nəqliyyat dəhlizi” adlandırır.
Yazıda deyilir ki, sənədin məzmunu ilə erməni diasporu tanış olub.
Məlumata görə, burada ikitərəfli regional iqtisadi dəhliz və müdafiə keçidi layihəsindən danışılır: “Bu 42 kilometrlik nəqliyyat dəhlizi Ermənistanın Syünik regionundan keçir. Dəhliz Azərbaycanı Naxçıvanla əlaqələndirir, hansı ki, Ermənistan və İran sərhədində strateji bir mövqeyə malikdir. Bu dəhlizin yaradılması 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi. Ermənistan bu dəhlizin yaradılmasının qarşısını almaq üçün səylər göstərib, çünki bu, Ermənistan ərazisinin böyük hissəsinin itirilməsinə gətirib çıxara bilər. Sənədə görə, Ermənistan Syünik regionu üzərində suverenliyini saxlayır, lakin buna baxmayaraq, aydın olur ki, nəqliyyat dəhlizi özəl ABŞ şirkəti tərəfindən idarə olunacaq və bu şirkət lazımi lisenziyanı alıb. Dəhlizin istifadəsindən gələn gəlirin bölüşdürülməsi də bu razılaşmada öz əksini tapıb. Amerika şirkəti gəlirdən 40 faiz, Ermənistan isə 30 faiz pay alacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq”, – yazıda qeyd olunub.
Yazıda o da qeyd olunub ki, bu memorandumda ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə ezam olunması məsələsi da əks olunub: “Əldə olunan məlumata görə, bunlar adi Amerika ordusu olmayacaq, onlar ABŞ-ın özəl hərbi şirkətinin üzvləri olacaq. Bu qüvvələrin sayının təxminən 1000 nəfər olacağı güman edilir və onlar dəhliz boyunca təhlükəsizliyi təmin etmək üçün məsuliyyət daşıyacaqlar”.
Bildirilir ki, memoranduma əsasən, özəl şirkət dəhlizi qorumaq üçün gücdən istifadə edə bilər.