KİV: Trampın andiçmə günündə genişmiqyaslı etirazlar gözlənilmir
ABŞ hakimiyyəti ölkənin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimi günü böyük etiraz aksiyaları gözləmir.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qeyd olunub ki, Milli Park Xidmətinin Amerika paytaxtının mərkəzində keçirilməsi planlaşdırılan böyük etiraz aksiyaları barədə məlumatı yoxdur.
Yanvarın 18-də Vaşinqtonda Trampın siyasi proqramının əleyhdarlarının gələcəyi gözlənilən “Xalq marşı”nın keçirilməsi planlaşdırılır. Təşkilatçılar tədbirə 50 min insanın qatılacağını gözləyirlər.
Bu rəqəm 2017-ci ildə 470 min insanın iştirak etdiyi analoji mitinqdən xeyli azdır.
Qəzetin məlumatına görə, 4 minə yaxın polis, həmçinin ABŞ Milli Qvardiyasının 7800 hərbçisi inauqurasiya günündə ictimai asayişin qorunmasında paytaxt polisinə köməklik göstərəcək.