Klintonun Səudiyyəyə silah satdığı ortaya çıxdı
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona məxsus olan elektron məktublar Klintonun Səudiyyə rejiminə 60 milyard dollarlıq silah satışını dəstəklədiyini göstərib.
Bu barədə CNN kanalı xəbər yayımlayıb.
ABŞ Prezidenti Donald Tramp ötən gün seçki kampaniyası üçün material hazırlamaq üçün 2016-cı ildə keçirilən prezident seçkilərində Demokrat partiyasından olan rəqibi Hillari Klintonun elektron poçtlarının məxfilik statusunu ləğv edərək yayımlanmasına icazə verib.
ABŞ Dövlət Departamenti bu sənədləri konqresmenlərin Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsinin ABŞ-ın milli təhlükəsizliyinə mənfi təsiri barədə narahatlıqlarına cavab olaraq yayımlayıb.
Klintonun köməkçiləri Endryu Şapiro və Riçard Verma isə konqresmenlərin Riyadla hərbi ortaqlığın ABŞ-ın milli təhlükəsizliyinə mənfi təsiri ilə bağlı narahatlıqlarına cavab olaraq, bu sövdələşmənin ABŞ-ın Qərbi Asiya bölgəsinə olan maraqları və siyasətinin lehinə olduğunu bildiriblər.
Xatırladaq ki, Səudiyyə rejimi ABŞ, BƏƏ və bir neçə ölkənin dəstəyi ilə 2015-ci ilin martında Yəmən torpaqlarına hücum edərək, bu ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıb.
Səudiyyə rejiminin tətbiq etdiyi bu müharibədə 16 mindən çox yəmənli mülki şəxs həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla yəmənli qaçqın vəziyyətinə düşüb.