Kreml düyməyə sıxdı: Paşinyan devrilir, Azərbaycan isə Qarabağda… -ŞOK DETALLAR

Kreml düyməyə sıxdı: Paşinyan devrilir, Azərbaycan isə Qarabağda… -ŞOK DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Ermənistanın baş nazirinin Azərbaycanla bağlı tələblərinin birgə bəyannaməyə salınmamasının bir neçə səbəbi var:

“Əvvəla, bu məsələdə Belarus prezidenti Aleksandr Lukaşenkonun mövqeyi ortada idi. Üstəlik, KTMT-yə üzv dövlətlərin Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsi münasibətləri mövcuddur. Lukaşenko orada Kremlin dilindən danışdı. Onun nitqində Rusiyanın tapşırığı aydın görünürdü. Bir sözlə, KTMT-dəki liderlər Nikol Paşinyanı aşağıladılar. Eyni zamanda, təşkilata sədrliyi dövründə Ermənistanın nəsə əldə etməsinə imkan verilmədi. Çünki Nikol Paşinyan rus ordusunun Ermənistandan çıxarılmasına çalışır. Bu da Rusiya üçün ölümə bərabər bir məqamdır. Ermənistanın baş nazirinin birgə bəyannaməni imzalamaması nəyisə dəyişmir. Amma hadisələrin inkişafı onu göstərir ki, Rusiya Ermənistanda dövlət çevrilişinə hazırlaşır. Kreml hansı yolla olursa olsun, həm Ermənistanda, həm də Azərbaycan ərazisində öz qoşunlarını saxlamaq istəyir. Bunun yeganə yolu da bütün prosesləri Ermənistanın əli ilə həyata keçirməkdir. Ermənistana isə Qərb dövlətləri imkan vermirlər. Moskva çox gözəl başa düşür ki, İrəvandakı hökumət Bakı ilə sülh müqaviləsi imzalasa, onun Azərbaycan ərazilərini tərk etməsi mütləq reallığa çevriləcək”.

Cümşüd Nuriyevin sözlərinə görə, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birtərəfli qaydada tanıyarsa, o zaman Rusiyanın üçtərəfli müqavilədəki tərəflik funksiyası sona yetəcək:

“Azərbaycan da sülh müqaviləsi fonunda öz ərazi bütövlüyünün təmin olunmasını tələb edəcək. Ona görə də, rusiyalı sülhməramlıların Qarabağın dağlıq hissəsindəki mövcudluğu başa çatacaq. Cənab prezident məhz bunları nəzərə alaraq sülhməramlılardan danışarkən onların müvəqqəti yerləşdirildiyini bildirir. Bundan sonrakı mərhələdə sülhməramlılar Azərbaycanda nəinki beş il, bəlkə heç bir il də qalmayacaq. Hadisələrin gedişi onu göstərir ki, Rusiya “Vardanyan kartı”ndan da istifadə edəcək. Amerika isə buna imkan verməyəcək. Azərbaycan da vəziyyətdən yararlanmağa çalışacaq. Yəni Qarabağın dağlıq hissəsi rus sülhməramlılarının nəzarəti altında olsa belə, Azərbaycan orada istənilən vaxt anti-terror əməliyyatları apara bilər. Bu, bizim milli qanunvericilikdə də öz əksini tapıb. Ona görə də, vəziyyətin bu müstəviyə qədər gərginləşməsi ehtimalı çox yüksəkdir. Təbii ki, Rusiya təxribatlar törətməyə çalışacaq. Amma Azərbaycan artıq Rusiyanı da, Ermənistanı da çox gözəl tanıyır. Peşəkar ordumuz var, onlar bu təxribatlara getməyəcək. Eyni zamanda, Azərbaycanın da səbrinin bir həddi var. Hal-hazırda bizim səbrimizin həddi “kasanın dolma mərhələsi”ndədir. Bir aya, beş aya bu kasa dolacaq. Ondan sonra Azərbaycanı saxlamaq mümkün olmayacaq. Bu gedişlə, Rusiya təkcə Azərbaycanı yox, ümumilikdə bütün Qafqazı itirəcək. Ona görə də, Kreml bir az ağıllı hərəkət etsə, daha yaxşı olar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =