KXDR “yüksək gücə malik bərk yanacaq mühərriki”ni uğurla sınaqdan keçirib
Şimali Koreya cümə axşamı “yüksək gücə malik bərk yanacaq mühərriki”ni uğurla sınaqdan keçirib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat verib.
Məlumata görə, KXDR-in Sohe raket poliqonunda keçirilən sınaqların nəticələri “yeni tipli strateji silah sisteminin inkişafına zəmanət” verir. Sınaqlara rəhbərlik edən KXDR lideri Kim Çen In yaxın gələcəkdə belə bir silahın yaradılacağına ümid etdiyini bildirib.
“Reuters”in xəbərinə görə, Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib. Cənubi Koreya hərbi ekspertlərinin fikrincə, KXDR noyabrın 18-də 15 min km-dən çox uça və ABŞ materikinə çata bilən “Hvason-17” qitələrarası ballistik raketini buraxıb.
Report.az