Lənkəranda təhlükə: Hər tərəfdə sürü ilə gəzirlər…-Video

Lənkəranda təhlükə: Hər tərəfdə sürü ilə gəzirlər…-Video

Heyvanlar tərəfindən cırmaqlama, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklərlə nəticələnə bilər. İnsanların quduzluğa yoluxmasına isə əsasən itlər səbəb olur.

Elə Lənkəran sakinlərini də son günlər ən çox narahat edən məsələlərdən biri budur. Çünki şəhərdə sahibsiz itlərin sayı sürətlə çoxalır.

Rayon sakini Natiq Mirzəyev deyir ki, yaşlı itlər çoxaldığından təhlükə də artıb: “Özünüz də görürsünüz ki, şəhərin hər bir yerində gəzirsən, sahibsiz itlər baş alıb gedir. Bunun yaşlısı var, cavanı var, uşağı var. Çox təhlükə saçır. Adam qorxaraq gəzir. Xüsusən də gecə vaxtlarında çox olur. Hara fırlansaq, sahibsiz itlər dolu olur burada”.

Hüseynağa Axundov isə deyir ki, axşam olanda həmin itlər adamlara belə hücum edirlər: “Bir dənə, iki dənə rast gəlirlər, hücum edirlər. Həm də bunlarda cürbəcür xəstəliklər var. Məlumatımız yoxdur, bunlar hansı xəstəliyə tutulublar, necədirlər. Maraqlanan da yoxdur bunlarla”.

Digər sakin Mirəhməd Nəsirov da sahibsiz itlərin çoxalmasından narahatdır: “Təhlükəli olmağına təhlükəlidir. Çünki, bakteriyalar, viruslar, xüsusən də quduz kimi xəstəliklər yayılma ehtimalı çoxdur. Ac heyvandır, şüuru yoxdur, insanlara hücum da eləyə bilər. Yaxınlaşma tövsiyə edilmir, əsasən uşaqlar gedirlər, oynayırlar. Olmaz. Amma görəndə yemək vermək lazımdır, dadandırmamaq şərti ilə olar. Çünki, heyvan ac qala-qala bir az da kiməsə hücum etmək istəyir, aqressiv olur. Yəni imkan daxilində yedizdirmək lazımdır. Dövlət tərəfindən də desək, müəssisələr tikilib, pis rəftar edilmədən yığışdırılmalıdır”.

Şəhərin mərkəzi park və küçələrində sürü ilə gəzən itləri görmək adi hala çevrilib. Qida axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan xeyli sayda sahibsiz itlər var. Heç kim onların hücumundan sığortalanmayıb və bu, şəhər sakinləri üçün açıq-aşkar təhlükə yaradır.

Xarici ölkələrdə şəhər küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Aidiyyəti qurumlar itlərin küçələrdən yığışdırılması və sonrakı taleyi il bağlı məsələləri operativ şəkildə həll edirlər. APA TV-nin “Bəs Lənkəranda bu məsələ ilə bağlı hansı addımlar atılır” sualına Lənkəran Şəhər İcra Hakimiyyətinin cavabı belə oldu: “Bildiririk ki, ölkəmizdə sahibsiz itlərin müasir tələblər səviyyəsində baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatə olunmasından ötrü Bakı şəhəri ərazisində ilk məkan olaraq sığınacaqlar yaradılmış və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Lənkəran rayonunun ərazisində belə məkanlar olmadığından, o cümlədən Şəhər İcra Hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından sözügedən məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir. Buna baxmayaraq, qeyd olunan məsələ Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülmüş və aidiyyəti orqanlarla əlaqə saxlanılaraq yaranmış vəziyyətin həllindən ötrü imkanlar axtarılır”.

Şəhərin sahibsiz itlərdən təmizlənməsi məsələsinin bir sıra yolları var və əlbəttə ki, güllələmək təcrübəsi rəsmən qadağandır və qəbulolunmazdır. Bəzən də itlər sahibsiz çöllüklərə buraxılır. Bu isə onları ölümə məhkum etməkdir. Heyvanlara qarşı rəhmsiz davranmaq da düzgün deyil və buna görə müvafiq cərimə tətbiq olunur.

Qeyd edək ki, bir çox xarici şəhərlərdə sahibsiz itlər müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılır, qısırlaşdırılır, vaksinasiya prosesi keçirilir və yenidən küçələrə, onlar üçün doğma olan yerlərə buraxılır. Belə olduqda həm heyvanların, həm də insanların həyatına heç bir təhlükə yaranmır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 2 =