Lula: İsrail fələstinliləri öz torpaqlarından qovmaq üçün soyqırım törədir

Braziliya prezidenti Lula da Silva İsrailin Fələstin xalqına qarşı soyqırım törətdiyini bildirib. Da Silva vurğulayıb ki, İsrailin Qəzzaya hücumlarının əsas məqsədi fələstinliləri didərgin salmaq və onları humanitar şəraitdən məhrum etməkdir.
Braziliya prezidenti Lula da Silva İsrailin Fələstin xalqına qarşı “soyqırım” törətdiyini və hazırkı hücumların fələstinliləri öz torpaqlarından didərgin salmaq məqsədi daşıdığını bəyan edib.
Da Silva bəyan edib ki, bu hərəkətlər fələstinliləri ən sadə yaşayış şəraitindən məhrum etmək məqsədi daşıyır.
Lula da Silva fələstinli həkim Ala ən-Nəccarın Qəzza zolağında ailəsinin 10 üzvündən 9-nun ölümünə səbəb olan ailə evinə edilən hava hücumunu kəskin şəkildə pisləyib.
Hadisəni “İsrail hücumlarının rekordunu əlavə edən biabırçı və qorxaq bir hərəkət” kimi xarakterizə edən Braziliya prezidenti sağ qalan yeganə oğlu və həyat yoldaşının xəstəxanada hələ də ağır vəziyyətdə olduğunu bildirib.
Da Silva əlavə edib ki, bu vəziyyət münaqişənin qəddarlığını və qeyri-insaniliyini bütün ölçüləri ilə ortaya qoyur.
Da Silva vurğulayıb ki, İsrail “silahsız mülki insanlara qarşı müharibə aparan silahlı bir dövlətdir və hər gün günahsız qadın və uşaqlar hədəfə alınır”.
Braziliya prezidenti bildirib ki, İsrailin Qəzzadakı hərəkətləri artıq “müdafiə hüququ, terrorla mübarizə və ya HƏMAS-dan məhbusların azad edilməsi ilə bağlı deyil. Onların gördükləri sadəcə qisasdır”.