Məhkəmədə qalib gəlsə də, 10 min dollar itirdi
Təyyarədə çamadanın başına düşməsinə görə xəsarət alan sərnişin aviaşirkətin təklifini qəbul etmədiyi və məhkəməyə müraciət etdiyi üçün peşman olub.
Hadisə “Emirates” aviaşirkətinin Dublin – Dubay təyyarəsində qeydə alınıb.
Uçuş zamanı Stiven Bredşounun başına təsadüfən içi boş uşaq çamadanı düşüb. Uşağın atası üzrxahlıq edib, sərnişin isə hər şeyin qaydasında olduğunu deyib. Lakin Bredşou səhəri gün baş ağrılarının başlaması səbəbindən işə gedə bilmədiyini iddia edib.
Hadisədən üç həftə sonra zərərçəkmiş hava yollarına şikayət edib. Cavab olaraq “Emirates” ona 15 min dollar (25,5 min manat) məbləğində təzminat təklif edib. Lakin sərnişin bunu rədd edərək, daha çox almaq ümidi ilə məhkəməyə müraciət edib.
Hakim isə Bredşounun bəzi ifadələri şişirtdiyi qənaətinə gələrək, ilkin məbləğdən üç dəfə az – 5000 dollar (8,5 min manat) təzminat barədə qərar verib.
Mənbə: Daily Mail