“Məmur öz işinin öhdəsindən gələ bilmirsə, qərar gözləmədən istefa verməlidir”

“Məmur öz işinin öhdəsindən gələ bilmirsə, qərar gözləmədən istefa verməlidir”

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsi.

– İkinci Qarabağ müharibəsinin birinci ilini tamamlamaq üzrəyik. Bizi qələbəyə aparan yolu necə dəyərləndirərdiniz?

– Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən torpaqlarımızın azad olunması üçün fəaliyyətə başladı. Heydər Əliyev çox ağır şəraitdə ölkənin sükanı arxasına keçdi. Ölkə vətəndaş müharibəsinin astanasındaydı, keçmiş hakimiyyət nümayəndələri başçılıq etdikləri mövqeləri qoyub qaçmışdılar, ordu başsız qalmışdı. Belə vəziyyətdə ulu öndər ilk növbədə ölkədə sabitlik yaratdı, millətə və dövlətə təhlükə yaradan silahlı müxalifəti, o cümlədən müxtəlif istiqamətlərdə separatçı cərəyanları neytrallaşdırdı, bununla məmləkətin parçalanmasının qarşısı alındı, mürəkkəb şəraitə baxmayaraq, Azərbaycanı sonrakı illərdə irəli aparacaq neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Ümummilli lider Ermənistanla müvəqqəti atəşkəsə nail oldu və ordunu gücləndirməyə başladı. Qələbə çaldığımız İkinci Qarabağ müharibəsi göstərdi ki, 1994-cü ildə imzalanan müvəqqəti atəşkəs sazişi doğru qərar idi, ordunu yenidən qurmaq, gücləndirmək və silahlandırmaq lazım idi. Biz yaranmış fasilədən faydalı istifadə etdik.

– Hesab edirsiniz ki, İkinci Qarabağ savaşındakı qələbəmizin təməli 1990-cı illərin ortalarında qoyulmuşdu?

– Bəli, ümummilli lider Heydər Əliyev Azərbaycan üçün hava-su kimi lazım olan sabitlik yaratdı, bunun sayəsində siyasi və iqtisadi islahatlara start verildi, “Əsrin müqaviləsi” imzalandı və ordu qurucuğu sürətləndi. 2003-ci ildə prezident seçilən İlham Əliyev ümummilli liderin siyasətinin davamçısı kimi yeni uğurlarımızın bünövrəsini qoydu. Möhtərəm prezident İlham Əliyev dövlətin sütunlarını daha da gücləndirdi, neft və qaz boru xətləri ilə dünya bazarlarına daşınmağa başladı, qeyri-neft sektorunun inkişafı üçün müxtəlif proqramlar qəbul edildi, neft kontraktlarından və qeyri-neft sektorundan əldə edilən maliyyə sayəsində ölkəboyu infrastruktur çalışmaları genişləndirdi. Azərbaycanda ordu quruculuğu gücləndi, yeni hərbi texnika alındı. Nəticədə, itirdiyimiz torpaqları müharibə vasitəsilə geri qaytardıq.

– Qələbəmizi şərtləndirən amilləri necə sıralayardınız?

– Biz müharibəyə atəşkəs sazişi imzalandığı gündən hazırlaşırdıq. Çünki görürdük ki, danışıqlar nəticə vermir, Ermənistan öz qarşısında güc görməli idi. Təəssüf ki, münaqişəni həll etməli olan beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk Qrupuna və işğalçı dövlətə elə gəlirdi ki, Azərbaycan əbədiyyətə qədər danışıqlarda iştirak edəcək və torpaqların işğalına seyrçi qalacaq. Möhtərəm prezident İlham Əliyev isə hər dəfə onlara xatırladırdı ki, səbrimiz tükənməz deyil və biz güc yolunu istisna etmirik. 2016-cı ilin aprelində Ermənistanın dərsini verdik, yenə anlamadılar, elə bildilər ki, əldə edilənlə kifayətlənəcəyik. Prezidentimiz və cəmiyyətimiz müharibəyə tam hazır idi, ötən ilin yayında Tovuzla sərhəddəki təxribat qərarımızı sürətləndirdi. Müzəffər prezidentimizin əmri əsasında irəli atıldıq və qələbə qazandıq.

Birinci Qarabağ savaşı və torpaqlarımızın ard-arda işğalı təxminən 3 il çəkmişdisə, İkinci Qarabağ savaşı 44 gün çəkdi və düşmən ağ bayrağını qaldırdı. Möhtərəm prezidentimiz də hər dəfə vurğulayır ki, hərb qanunlarına görə adətən hücum edən tərəf çox itki verməli olsa da, Azərbaycan ordusu bu müharibədə şanlı tarix yazdı, işğalçı daha çox itki verdi. Çünki hücum planı xüsusi peşəkarlıqla hazırlanmış, modern silahlarla təchiz olunmuş ordumuz düşməni pərən-pərən salmışdı. Şuşanın işğaldan azad edilməsi isə hərb tarixinə düşəcək böyük qələbədir. Qəhrəmanlarımız yüngül silahlarla qala şəhəri olan Şuşaya sözün həqiqi mənasında əliyalın dırmaşaraq düşməni qəfil yaxaladılar və mədəniyyət paytaxtımız 28 ildən sonra sahibinə qayıtdı. İkinci Qarabağ müharibəsindəki qələbəmiz millət və dövlət olaraq başımızı uca etdi.

Qələbəmizdə qardaş Türkiyənin də xüsusi rolunu vurğulamağa ehtiyac duyuram. Qardaş ölkənin bizə hərtərəfli dəstəyi, Azərbaycana xaricdən olan təzyiqləri neytrallaşdırması qələbəmizdə mühüm əhəmiyyət kəsb etdi. Müharibə və ondan sonrakı dövr də göstərir ki, Azərbaycan-Türkiyə birliyi dönməz prosesdir, elə bir ay yoxdur ki, iki dövlət arasında ortaq hərbi təlimlər keçirilməsin. Möhtərəm prezidentimizin də söylədiyi kimi, Azərbaycan ordusu qardaş Türkiyə ordusunun kiçik modelinə çevrilməkdədir.

– Qarabağ ətrafındakı son hadisələri necə qiymətləndirirsiniz?

– Müharibədə qələbə çalmışıq, hazırda qarşımızda duran başlıca vəzifə bölgəni minalardan təmizləmək və quruculuq işlərini sürətləndirməkdir. Dövlət başçısı bu prosesə şəxsən nəzarət edir. Qarabağın yenidən qurulmasında Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu böyükdür. Qarabağda salınan çoxsaylı yollar, yaşayış və elektrik stansiyalarının tikintisi və digər çalışmalar Prezidentin və Birinci vitse-prezidentin xüsusi nəzarəti altındadır. Təsadüfi deyil ki, elə bir ay yoxdur ki, Prezident və Birinci viste-prezident azad olunmuş bölgələri ziyarət ediblər.

Tikinti və infrastruktur çalışmaları bitdikdən sonra Qarabağ Azərbaycanın bəlkə də ən füsunkar və nümunəvi bölgəsinə çevriləcək. Bununla yanaşı, Qarabağda yaşayan ermənilərə də çağrımız var: Azərbaycanın qanunlarını və pasportlarını qəbul edin və Siz də inkişaf və tərəqqinin bir hissəsinə çevrilin. Ancaq buna qədər Qarabağda yerdə qalan silahlı separatçıların tərksilahına nail olmalıyıq. Bu baxımdan müdafiə naziri Zakir Həsənovun sülhməramlıların arxasında təxribat törətməyə can atanları acı aqibət gözləyəcəyi açıqlamasını yenidən onlara xatırlatmalı olacağıq. Prezidentimizin dediyi kimi, “dəmir yumruq” hazır vəziyyətdədir. Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı, sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Bunlar olmadan Ermənistanı rahat həyat gözləmir. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə, hər iki ölkənin ərazi bütövlüklərini rəsmən tanımalı və bir az öncə sadaladığım şərtləri yerinə yetirməlidir. Ermənistanı havadarları xilas edən deyil, ermənilər müharibə günlərində də ümid edirdilər ki, onların əvəzinə Azərbaycan ordusuyla başqaları savaşacaq və işğal davam edəcək. Savaş Azərbaycan ərazisində gedirdi və heç bir dövlət prosesə qarışmadı. Bu, ermənilərə dərs olmalıydı ki, qonşunla sülh şəraitində yaşamaq istəyirsənsə, heç kimə ümid etmə, düşmənçilikdən vaz keç.

– Daxili siyasətdəki vəziyyəti necə dəyərləndirirsiniz?

– Müharibədə qazandığımız qələbə cəmiyyətdə böyük sevinc və coşquyla qarşılandı. Qələbəmizin ildönümünə də eyni əhval-ruhiyyə ilə hazırlaşırıq. Milli Məslic rəhbərliyində təmsil olunan şəxs kimi deyə bilərəm ki, sədr Sahibə Qafarova və müavinləri, o cümlədən millət vəkilləri müharibə zamanı və ondan sonrakı dövrdə daxildə və xaricdə fəaliyyətlərini genişləndirdilər. Sahibə xanım və biz müharibə zamanı və ondan sonra erməni təbliğatına qarşı fəal olduq, xarici ölkə həmkarlarımıza doğruları anlatdıq, xarici ölkələrdəki görüşlərdə və konfranslarda Azərbaycanın haqlı olduğunu izah etdik. Bunun nəticəsində Ermənistan tərəfinin bərtərəfli təbliğatının qarşısını ala bildik. Fəaliyyətimizin başqa istiqaməti xarici ölkələrdəki həmkarlarımızı Azərbaycana dəvət etmək və öz gözləriylə işğalın nəticələrini müşahidə etməkdir.

Müxtəlif ölkələrin parlament heyətləri Ağdamda, Fizulidə, Şuşada oldular, dağıntılarla və başlanan quruculuq işləriylə yerindəcə tanış olublar. Bu fəaliyyətimizi bu gün də davam etdiririk. Parlamentdən kənar siyasi partiyalar da ümumi işdən kənarda qalmayıb. Sentyabrın 9-da Prezident Administrasiyasında  45 siyasi partiyanın rəhbəri ilə keçirilən növbəti görüş bunun bariz nümunəsidir. Siyasi partiya liderləri ilə Prezident administrasiyasının “Siyasi partiyalarla əlaqə” şöbəsinin müdiri Ədalət Vəliyev görüşüb. Ədalət Vəliyev prezident İlham Əliyevin adından siyasi partiya liderlərini ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Bu görüşdə partiya liderlərinin təklifləri müzakirə edilib. Biz müxalifətin radikallaşmasını istəmirik. Çünki Azərbaycana daxili siyasətdə problem yaratmaq istəyən xarici mərkəzlər var və onlar pusqudadırlar. Ona görə də hakimiyyətlə müxalifət arasında dialoq hamımız üçün faydalıdır. Partiyalar ofislərlə təmin olunur, Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

– Ancaq dialoqa qoşulmaq istəməyənlər də var…

– Belələri azlıqdadır. Onlar Azərbaycanın müharibədə qazandığı qələbəyə kölgə salmaq istəyirlər. Təəssüf ki, belələri də var. Onlara elə gəlir ki, Azərbaycana nə qədər pis olarsa, onlar üçün bir o qədər yaxşı olacaq. Qələbəmizə “ordu Xankəndiyə niyə hücum etmədi” və ya “Laçın dəhlizi niyə nəzarətə götürülmədi” kimi ittihamlarla kölgə salmağa çalışırlar. Bəzən bu sözləri keçmiş hakimiyyətin nümayəndələri də səsləndirir. Halbuki, Şuşanın və Laçının işğalı onların dövründə baş vermiş, düşməndən intiqam almaq əvəzinə hakimiyyətlərini qoyub qaçmışdılar. Siz dağıtdınız, qaçdınız, işğala şərait yaratdınız, ümummilli liderimiz və möhtərəm prezidentimiz isə ordunu yenidən qurdu və Sizin səhvlərinizi düzəltdi. Xankəndi və Laçın dəhlizinə gəldikdə isə, oralar da bizim nəzarətimizdə olacaq. Görək həmin gün yetişdikdə özlərini radikal müxalifət adlandıran şəxslər nə deyəcək, bu dəfə hansı saman çöpündən yapışacaqlar?

– Deyəsən, sizə qarşı yenə qara piar işə düşüb. Sizi niyə hədəf seçiblər?

– Son vaxtlar yenidən mənə qarşı çirkli kampaniyaya baş vurublar. Bu, ilk dəfə deyil. Görünür, dövlət quruculuğu istiqamətindəki fəaliyyətimi gözləri götürmür. Yaxın keçmişdə də radikal müxalifətin Avropa ölkələrindəki şəbəkəsi mənə qarşı hücuma keçmişdi, soydaşlarımız arasında milli və dövlət maraqları ətrafında birləşməklə bağlı apardığım davamlı təbliğat radikalların xoşuna gəlmirdi, hücuma keçdilər, sosial şəbəkələr vasitəsilə cavablarını verdim, yerlərində oturdular. İndi də şəbəkənin ölkə içindəki təxribatçıları hərəkətə keçərək haqqımda yalan və saxta məlumatlar yayırlar. Alınmayacaq. Mən və ailəm, o cümlədən dostlarım möhtərəm Prezidentin siyasətini dəstəkləyən insanlarıq, dövlətimizin inkişafı naminə və problemlərin həlli üçün hər cür fədakarlığa hazırıq.

– Akademik Ramiz Mehdiyevin onu tənqid edənləri məhkəmə ilə hədələməsinə münasibətiniz necədir?

– Ramiz Mehdiyev tənqidçilərini hədələməkdənsə, rəhbəri olduğu Elmlər Akademiyasının işini gücləndirsin. O, Akademiyaya rəhbərlik etdiyi dövrdə ancaq qalmaqallarla yadda qalıb. Necə ki, hakimiyyət içərisində bölücülüklə məşğul olurdu, gənc kadrların irəliləməsinə maneçilik yaradırdı, indi də eyni işi Elmlər Akademiyasında davam etdirir. Elmlər Akademiyasına dövlət büdcəsindən ona görə maliyyə ayrılır ki, alimlərimizin uğurları artsın, gənc kadrlara yol açılsın, elmi nailiyyətlər əldə edilsin, cəmiyyəti ixtiralarla sevindirsinlər. Ramiz Mehdiyev Akademiyaya rəhbərlik etdiyi dövrdə bunların hansı baş verib? Bunun əvəzinə Ramiz Mehdiyevin və onun yaxın qohumlarının adları  mediada məhkəmələrlə, torpaq sahələriylə, böyük mülklərlə və alqı-satqılarla hallanır. İcra strukturlarında korrupsiyaya bulaşmış şəxslərin bir qismi Ramiz Mehdiyevin kadrlarıdır. Məhkəmələri davam edən keçmiş məmurların bir qismi qanunsuz əməllərində Ramiz Mehdiyevin adını hallandırırlar. Özünə hörmət edən məmur işinin öhdəsindən gələ bilmirsə, fərman gözləməməlidir, istefa ərizəsini yazıb otağını daha savadlı və işgüzar kadra verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 5 =