Mərkəzi küçədə zibil əlindən tərpənmək olmur -Video

Mərkəzi küçədə zibil əlindən tərpənmək olmur -Video

Bu xoşagəlməz mənzərə ilə Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində üzləşdik.

Vəziyyətdən narazı olan sakinlər APA TV-yə müraciət edərək problemin aradan qaldırılması üçün kömək istəyiblər. Mərkəzi küçədə günün günorta vaxtı bu qədər zibil torbasını görmək vətəndaşların narahatlığına səbəb olur. Sakinlər kamera qarşısına çıxmaq istəməsələr də, dedilər ki, sözügedən ərazidə çox tez-tez tullantılar yığılıb qalır, nə baxan var, nə də təmizləyən.

Bəs görəsən ərazidə qalaqlanan zibil niyə vaxtlı-vaxtında daşınmır?

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Seymur Qasımov bildirdi ki, Masazır ərazisində gün ərzində iki dəfə tullantıların təmizlənməsi prosesi həyata keçirilir:

“Qeyd olunan ərazi isə mərkəzi küçə olduğu üçün burada zibil qutuları qoyulmadığından tullantılar maşınlarla qapılardan daşınır. Sakinlərdən xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmayan yerlərə zibil torbalarını qoymasınlar”.

Zibil yığan maşınlardan da gileylənən sakinlər deyirlər ki, küçəni çox vaxt elə həmin maşınlar tullantıya qərq edir. Çünki maşınlar köhnədir və zibili bu yandan atırsan, o yandan tökülür. Sakinlər bildirirlər ki, küçədə tək problem zibil problemi deyil. Ərazidə illərdir ki, işıqlandırma yoxdur, kanalizasiya sistemi bərbad vəziyyətdədir. Hər gün bu küçədə tıxacda qalmaqdan cana doyublar. Sahibsiz itlərin əlindən isə yaşamağa macal yoxdur, itlər uşaqların həyatı üçün real təhlükə mənbəyidir. Küçə sakinləri bildirirlər ki, ərazidə ictimai nəqliyyat problemi də var. Günün müxtəlif saatlarında hökm sürən tıxac marşrutların hərəkət intervalında da problem yaradır.

Bax belə… cavabdeh qurum sakinləri, sakinlər isə aidiyyəti qurumları günahlandırır. Problemlər isə üst-üstə qalaqlanmağa davam edir. Bu məqam isə onu deməyə əsas verir ki, zibil problemi hələ uzun müddət davam edəcək. Çünki qolunu çırmalayıb, işə girişən yoxdur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 14 =