Makron-Əliyev-Paşinyan görüşü: Bakının istəkləri qəbul olundu – TƏHLİL
Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları var:
– Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır;
– Münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir;
Burada əsas məqam “Fransanın prosesə qayıtması Minsk qrupu formatının dirilməsinə şərait yarada bilərmi” sualıdır.
Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik: Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır; burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır və Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şolzun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir;
Və mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir. Fransa prezidenti bununla:
– Avropanın yeni liderlik missiyasını gücləndirir;
– Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür;
– Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər;
Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir:
– Ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir;
– Aİ ilə Minsk qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir;
– Minsk qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir;
Bu baxımdan, Fransanın görüşü Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır.
Mişel və Makronun birgə bəyanatında:
1. Minsk qrupuna istinad edilmir;
2. “Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur, ümumiyyətlə Qarabağın adı çəkilmir; bu o deməkdir ki;
– Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb;
– Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir: bu, Bakının (həm də Moskvanın) Minsk qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir;
3. Görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib:
– Brüssel görüşündə əldə olunan razılaşmaların icrası;
– Kommunikasiyaların açılması;
– Sərhədin delimitasiya və demarkasiyanın həyata keçirilməsi;
– Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların başlanması və s;
Beləliklə, geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir.
Publika.az