Makrondan rəsmi etiraf: Fransa artıq “vasitəçi” ola bilməz

Makrondan rəsmi etiraf: Fransa artıq “vasitəçi” ola bilməz



O, iddia edir ki, Azərbaycan və Ermənistan arasında son sərhəd toqquşması Rusiyanın “sifarişidir” və Moskva ilə Bakı İrəvana qarşı “birgə” oynayaraq, Ermənistanı zəiflətməyə çalışıblar. Makronun məntiq(sizliy)inə görə, Azərbaycan və Rusiya sərhəd hadisələrində Ermənistana qarşı birgə plan qurub.

– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkə Azərbaycandır, yoxsa Ermənistan?!
– Cənubi Qafqazda Rusiyanın hərbi bazası Azərbaycanda var, yoxsa Ermənistanda?!
– Rusiyanın hərbi və siyasi müttəfiqi hansı ölkədir?!


Bu sualların cavabı bəllidir və Rusiyanın Paşinyan hakimiyyəti ilə münasibətlərində müəyyən problemlərin yaranması müşahidə edilsə də, hərbi və siyasi müttəfiqi olan ölkəyə qarşı belə bir addım atması iddiası gülüncdür. Bu iddia həm də ona görə gülüş doğurur ki, sərhəddə baş verən istənilən toqquşma Rusiyanın Cənubi Qafqaz, xüsusilə Bakı və İrəvan arasındakı balansı siyasətinə ziddir: çünki Moskva KTMT üzvü olan müttəfiqi Ermənistanın mövqeyini müdafiə etməyə məcbur olur və Azərbaycanla münasibətlər fonunda belə vəziyyət ona sərf etmir;

Makronun iddiaları siyasətlə az-çox məşğul olan hər kəsin bildiyi məsələlərdən xəbərsiz olduğunu təsdiq edir. Təbii ki, bu açıqlamalar Ermənistan üzərindən Cənubi Qafqaza girməyi planlaşdıran Fransanın planının bir hissəsidir: Ermənistanı müttəfiqi Rusiyadan uzaqlaşdırmaq və öz qanadları altına almaq; hərçənd, bu belə Fransa prezidentinin açıqlamasının məntiqsizliyini gizlədə bilmir;

Makronun gizlədə bilmədiyi, daha doğrusu gizlətmədiyi əsas məqam Ermənistan-Azərbaycan münasibətlərində açıq tərəf olduğudur. Münaqişənin mövcud olduğu 30 ilə yaxın dövrdə də, 44 günlük müharibənin getdiyi və post-müharibə dövründə də Fransa bunu gizlətməyib. Makronun Ermənistan üçün Paşinyan qədər işlədiyi hər kəsə bəllidir.

Lakin Makronun son müsahibəsində dedikləri artıq bu ölkənin Ermənistandan yana tərəf olduğunu ən yüksək səviyyədə elan edilməsi deməkdir və bunu Praqada keçirilən dördtərəfli görüşdən sonra bəyan etməsi Fransanın Bakı-İrəvan münasibətlərində vasitəçi olmasını mümkünsüz edir.

Bildirir ki, Fransa Ermənistanı çətin vəziyyətdən xilas edəcək və əlavə edir ki, “biz erməniləri tək qoymayacağıq”.

Makronun siyasi planı bəllidir:

– Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin formalaşdırdığı Brüssel formatını ələ keçirmək və Ermənistanın maraqlarını bu format üzərindən müdafiə etmək;
– Ermənistanın əsas müttəfiqinin Rusiya yox, Fransa olduğunu qəbul etdirmək;
– Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını zəiflətmək və yerini tutmaq;


Bu məqsədinə çatmaq üçün açıq şəkildə bəyan edir ki, Fransa Ermənistanın yanında yer alır və erməni maraqlarının təmin edilməsi naminə Azərbaycana qarşı əlindən gələn hər şeyi edəcək.

Bu, artıq Fransanın ən yüksək səviyyədə elan etdiyi mövqedir. Bir neçə gün öncə Fransa xarici işlər naziri Senatda çıxışı zamanı bəyan etmişdi ki, Ermənistanı sona qədər qoruyacaqlar, indi də Fransa prezidenti eyni mövqeyi təsdiqlədi. Bununla Fransa Ermənistanı müttəfiqi elan etmiş oldu. Bu, Azərbaycanın səsləndirdiyi fikir yox, Fransanın Xarici İşlər Nazirliyi və prezidenti tərəfindən rəsmi şəkildə bəyan edilən mövqedir.

Və rəsmi Paris bununla Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi yox, tərəf olduğunu də təsdiqlədi.

Bu, Frasanın “vasitəçiliyi”nin Azərbaycan tərəfindən qəbul edilməsini mümkünsüz edir. Nə Azərbaycan dövlətinə, nə də xalqına Ermənistandan yana tərəf olan “vasitəçi” lazım deyil, bunun qəbul edilməsi dövlətin də, xalqın da maraqlarına tamamilə ziddir. Bu, artıq Azərbaycanın ictimai tələbidir, siyasi şərtlərin nə olmasından asılı olmayaraq, Azərbaycan hakimiyyəti Fransanın “vasitəçiliyi”ndən birmənalı şəkildə imtina etməli, xalqın, ictimai rəyin tələbini nəzərə almalıdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + eight =