Marsdan gələn şəkildəki naməlum obyekt nədir? – Cavab tapıldı

NASA-nın “Perseverance” marsoxodu tərəfindən göndərilən şəkillərdə qəribə bir obyekt – mürəkkəb dizayna malik kiçik bir labirint təsvir olunur. Bu obyektin şəkli aparat tərəfindən göndərilən təsvirlərdə dəfələrlə görünür. Bəs marsoxodun görüntülərində təkrarlanan bu obyekt nədir?
Bu barədə “Live Science” portalında dərc olunan məqalədə danışılır.
Alimlərin sözlərinə görə, bu obyekt əslində “SHERLOC” aləti üçün nəzərdə tutulmuş kalibrləmə hədəfidir.
Qeyd edək ki, məşhur detektiv Şerlok Holmsun adını daşıyan sözügedən cihaz Marsda üzvi birləşmələr və mineralları aşkar etmək üçün robot qolda yerləşdirilib və spektroskopik üsullarla qaya nümunələrini analiz edir. Dəqiq nəticələr üçün o mütəmadi kalibrə ehtiyac duyur.
Labirintin yer aldığı bu kalibrləmə paneli xüsusi materiallarla – sapfir disklərdə yerləşən “AlGaN”, “2Diffusil” materialı və Mars meteoritindən ibarət “SaU008” nümunəsi ilə təchiz olunub.
Labirint xrom örtüklü, 200 mikron qalınlığında xətlərdən ibarətdir və fokusun dəqiqliyini tənzimləmək üçün istifadə olunur.
Ən maraqlısı isə odur ki, labirintin mərkəzində Şerlok Holmsun 50 mikron qalınlığında silueti yerləşdirilib.
NASA mütəxəssislərinin sözlərinə görə, bu element də texniki məqsədlərə xidmət edir.
Panelin alt hissəsində həmçinin müasir astronavt geyimlərində istifadə edilən material nümunələri də yerləşdirilib – məsələn, teflon, qorteks və gorteks. Bu materiallar Mars mühitində davamlılıq baxımından sınaqdan keçirilir və gələcək insanlı missiyalar üçün vacib məlumatlar verir.

