Milli cins atların cıdır yarışlarına start verilir

Milli cins atların cıdır yarışlarına start verilir

Bakı Dövlət Cıdır Meydanında cins atların yarışlarına start verilir.

“Report”un məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi, yetişdirmə, bəsləmə, məşq və sınaq işlərinin səviyyəsinin daha da yüksəldilməsi, atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə bu sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.

Son illər Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkədə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlərin görüldüyü bildirilib. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb, atçılığın inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.

Görüşdə Qarabağ atlarının əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb, Kənd Təsərrüfatı Nazirliyi və ARAF-ın birgə təşkilatçılığı ilə milli cins atların cıdır-sınaq yarışlarının təşkili barədə razılıq əldə olunub.

İlk olaraq cıdır yarışlarına Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul olunub. Burada cıdır zolağının beynəlxalq yarış standartlarına cavab verməsi üçün işlərə başlanılıb. Artıq cıdır meydanlarının (ippodromlar) təşkili işinə yerli və xarici mütəxəssislər cəlb olunub.

Bununla yanaşı, yaradılacaq digər İşçi Qrup atların DNT təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi ilə məşğul olacaq, atların identifikasiya (mikrociplənmə, pasportlaşma və s.) prosesinə dəstək göstərəcək. Bu prosesin yekunu olaraq atlara dünya standartına cavab verən pasportlar veriləcək. Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün olacaq. Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ən qısa zamanda milli cins atların cıdır yarışlarına start verilməsi üçün bütün zəruri addımlar atılacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 11 =