Moskva: Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təhlükəsi var
Rusiya xarici işlər nazirinin müavini çərşənbə günü deyib ki, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski var, lakin Moskva problemi diplomatik yollarla həll etməyə çalışır.
Əl-Cəzirə telekanalının məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Ukrayna ilə gərginlik və NATO-nun müdaxiləsi barədə Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riskinin olduğunu bildirib. Həmçinin, Rusiyanın NATO ilə məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, NATO-nun koalisiya qüvvələrinin Ukraynadakı vəziyyətə hərbi müdaxilə etməyəcəyi barədə bəyanatı onların hələ də sağlam düşüncəyə malik olduğunu göstərir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da çərşənbə günü deyib ki, Moskva bu gün Kiyevlə danışıqların yeni mərhələsinə hazırdır. Peskov jurnalistlərə deyib:
“Ukraynalı müzakirəçilərin iştirak edib-etməyəcəyini təxmin edə bilərik, amma ümid edək ki, bu, baş verəcək. Nümayəndələrimiz orada hazır olacaq.”
Kremlin sözçüsü əlavə edib: Moskva Qərbin Rusiya iqtisadiyyatına qarşı sanksiyalarına sərt, düşünülmüş və aydın cavab hazırlamalıdır.
O, Avropa ilə birgə qaz layihəsi olan “Şimal Axını-2”-nin almanlar tərəfindən Ukraynadakı hadisələrə cavab olaraq dayandırılmasından danışıb: “Bu layihənin infrastrukturu hələ də mövcuddur və sağlam düşüncə onun həyata keçirilməsini tələb edir.”
ABŞ və Avropa Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq ona qarşı bir neçə sanksiya paketi tətbiq edib.
Sanksiyalara Rusiyanın maliyyə və bank sektoru ilə yanaşı, rusiyalı idmançıların beynəlxalq və olimpiya yarışlarında iştirakına qadağa da daxildir. Bundan başqa, Qərb ölkələri Rusiya aviaşirkətlərinə bu ölkələrə uçuşlara qadağa qoyub.
Moskva və Kiyev arasında danışıqların birinci raundu bazar ertəsi Belarusda keçirilib, lakin heç bir nəticə verməyib.