Müqəddəs Nəcəf şəhərində Azərbaycan Ordusunun şəhidlərinə anım mərasimi keçirilib

Müqəddəs Nəcəf şəhərində Azərbaycan Ordusunun şəhidlərinə anım mərasimi keçirilib

İraqın Nəcəf şəhərində Qarabağ şəhidlərinin anım mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi haqqında məlumat verib, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıblar. Tədbirdə Azərbaycan Ordusunun Qarabağ torpağını azad etmək uğrunda apardığı şanlı mübarizədən söhbət açılıb, Gəncə və Bərdə şəhərlərinin ermənilər tərəfindən atəşə tutulması, nəticədə onlarla dinc sakinin qətlə yetirilməsi də qeyd olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan qədimdən bəri böyük alimlərin vətəni olmuşdur, repressiya illərində onların böyük hissəsi məhv edilsə də bir çox alimlərimiz dünyanın müxtəlif bölgələrində, o cümlədən, Nəcəf dini elmlər mərkəzində uğurla tədris və təhsil fəaliyyəti göstərmişlər. Eləcə də Azərbaycan Ordusunun işğal altında olan tarixi abidələri, ermənilərin hətta donuz saxladıqları məscidləri azad edərək təmizlədiyi, hal-hazırda bu məkanların ibadət üçün bərpa olunduğu nəzərə çatdırılıb və qeyd olunub ki, gələcəkdə onların hamısının yenidən təmir olunacağı Azərbaycan Prezidenti tərəfindən elan olunub.

Anım mərasiminə Şeyx Kümeyt Əsədi, Seyyid Məkki Milani kimi Nəcəf şəhərinin məşhur din xadimləri də qatılmışlar.

Bəni-Əsəd və Bəni-Kəb qəbilələrinin başçıları Şeyx Mənsur Əsədi və Şeyx Cabbar Əbdülkərim Kəbi, “Əl-Məhdi” kanalının rəhbəri Şeyx Əla əl-Kəbi, Nəcəf hövzəsinin tanınmış ustadlarından Seyyid Rəşid Hüseyni, Kufə Universitetinin elmi heyətindən Raci Nəsir, Əsəd Kazim Şəbib, Hişam əl-Səyyab və başqaları tədbirdə çıxış ediblər. Qarabağ şəhidlərinin anım mərasimində böyük müctəhidlərin nümayəndələri və bəzi ailə üzvləri də iştirak ediblər.

Tədbirdə Qarabağın birmənalı olaraq Azərbaycan torpaqları olması vurğulanıb, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş bir şox hərbçilərin, o cümlədən, Mübariz İbrahimov, general Polad Həşimov, Şükür İlyasov, Tərlan Quliyev, Cəbrayıl Dövlətzadə, Elməddin Vəlişov, Maarif Səfərov və başqalarının şəkilləri tədbirin keçirildiyi məkanda nümayiş etdirilib. Anım mərasiminə aid plakatlardan birinin üzərində bu sözlər yazılıb: “Azərbaycanın qələbəsi və İslam torpaqlarının Azərbaycan Ordusunun qanı bahasına qaytarılması bütün müsəlmanların qələbəsidir!”

Qeyd edək ki, İraqın Nəcəf şəhərində Qarabağ şəhidlərinə həsr edilmiş anım mərasimində İraqdakı türkmən qardaşlarımız da fəal iştirak ediblər.

Inter.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 7 =