Musəvi: İranla Azərbaycan arasında birgə hərbi təlim mənalıdır

Musəvi: İranla Azərbaycan arasında birgə hərbi təlim mənalıdır

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri iki ölkə hərbçilərinin birgə təlimlərini mühüm və mənalı hərəkət adlandırıb.

Seyid Abbas Musəvi X sosial şəbəkəsindəki hesabında yazıb: “İranın şəhid prezidenti ilə Azərbaycan prezidentinin son görüşündən bir ay keçməmiş İran və Azərbaycan Respublikası arasında müştərək hərbi təlimin keçirilməsi çox mühüm və mənalı xəbərdir. Hay-küyə baxmayaraq, 13-cü hökumət İslam İnqilabının Aliməqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişlərinə əsaslanan qonşuluq siyasətinə dərindən inanırdı”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, İran İslam Respublikası ilə əldə olunmuş razılaşmaya əsasən bu gün iyunun 12-də Naxçıvan və İran ərazilərində eyni vaxtda taktiki təlimlər keçirilir.

Məlumatda sonra qeyd olunur ki, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib.

İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri arasında telefon danışığı olub.

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının Bakıda iclası olub.

Hərbi ekspert Ədalət Verdiyev Meydan TV-yə deyib ki, bəzi məsələlərdə fikir ayrılıqları qalsa da, ümumilikdə son dəfə hər iki ölkənin prezidentlərinin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışında verilən bəyanatlardan məlum oldu ki, fikir ayrılıqlarının əksəriyyəti aradan qaldırılıb. Yəni İran və Azərbaycan qonşuluq münasibətlərini inkişaf etdirmək və təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 19 =