Nazir müharibədə iştirak etmiş əməkdaşlarla görüşdü

Nazir müharibədə iştirak etmiş əməkdaşlarla görüşdü

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. 

Nazirlikdən verilən məlumata görə, paytaxtda olmayan əməkdaşlar görüşə videoformatda qoşulublar. Əvvəlcə döyüşlərdə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmiş əməkdaşları evlərinə, işlərinə sağ-salamat qayıtmaları münasibətilə təbrik edib. Rəşad Nəbiyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edib. 

R. Nəbiyev Vətən uğrunda gedən döyüşlərdə nazirliyin 210 əməkdaşının iştirak etdiyini, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığını söyləyib. Həmçinin müharibədə ailə üzvlərini itirən əməkdaşların olduğunu vurğulayıb. Döyüşlərdə yaralanan əməkdaşlara şəfa diləyən nazir onların sağlam həyata qayıtmaları üçün lazımi diqqət və qayğı ilə əhatə olunacaqlarını deyib: “Siz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu vicdanla yerinə yetirmisiniz. Sizə olan etimadı doğrultmusunuz. Dövlətimiz və xalqımız daim sizin yanınızdadır. Adlarınız Azərbaycan tarixinə qəhrəman kimi düşdü. Siz gənclərimiz üçün ən gözəl örnəksiniz”.

Görüş zamanı müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüblər. Bundan sonra da Vətənin azadlığı və suverenliyi uğrunda istənilən an vuruşmağa hazır olduqlarını bildiriblər.

Sonda nazir Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində iştirak etmiş əməkdaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəkkürnamələrini təqdim edib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − twelve =