Nazir Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında onlayn formatda iştirak edib
Dünyanın 50-dən çox ölkəsinin qatıldığı elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sı virtual formatda təşkil olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Dəyirmi masa” cəmiyyətdə Elm və Texnologiya (STS) Forumunun yüksək səviyyəli iclası hesab olunur.
Qeyd edək ki, ilk dəfə 2004-cü ilin noyabr ayında Yaponiyanın Kyoto şəhərində təsis edilmiş forum qeyri-rəsmi əsasda açıq müzakirələr üçün yeni bir mexanizm təmin etmək, elm və texnologiyanın tətbiqindən qaynaqlanan problemləri vaxtında müzakirə etmək məqsədi daşıyır.
Elm və texnologiya nazirlərinin 18-ci “dəyirmi masa”sında iştirak edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizədə istifadə edilmiş yeni texnologiyalar, yaradılmış rəqəmsal platformalar haqqında danışıb: “Bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir”.
Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsindən sonra ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqları azad etdi. Ölkənin qarşısında uzun bir yenidənqurma prosesi dayanır və Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən birini “yaradıcı və innovativ cəmiyyət” qurmaq təşkil edir, bunun da tərkib hissəsi elm və texnologiyanın inkişafıdır. Bu, geniş araşdırma, startap ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi əsasında həyata keçiriləcək.
Qeyd olunub ki, ancaq bu gün ölkələr beynəlxalq əməkdaşlığa qapılarını açmadan heç bir sahədə əsl sıçrayış əldə edə bilməzlər. Azərbaycan, böyük transmilli şirkətlərin yalnız infrastruktura deyil, insan kapitalına sərmayə qoyma, xüsusən də ölkədə istedadların inkişafı üçün tədqiqat laboratoriyaları qurma modelini alqışlayır.
“Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir”, – deyə “dəyirmi masa”da vurğulanıb.
Trend