Netanyahu İsrailin baş prokurorundan məlumatların sızmasının araşdırmağı tələb edib
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Baş prokuroru Qali Baharav-Miaraya məktub göndərərək təhlükəsizlik məsələlərinə həsr olunmuş iclaslardan məlumat sızması hallarının araşdırılmasını tələb edib.
Məktubun mətnini İsrailin hökuməti başçısının Dəftərxanası dərc edib.
“Ciddi sızmaların və gizli məlumatların açıqlanması hallarının davamlı axını var idi. Bu sızmaları araşdırmaq üçün dəfələrlə müraciətlərimə baxmayaraq, heç bir şey edilmədi”, – Netanyahu baş prokurora müraciətində yazıb.
Xatırladaq ki, noyabrın əvvəlində “The Times of Israel” qəzeti İsrailin xüsusi xidmət orqanlarının gizli məlumatların sızması ilə bağlı bir neçə şübhəlini saxladığını bildirib. Məlumata görə, Baş nazirin ofisində mətbuatla iş üzrə keçmiş müşavir Eliezer Feldşteyn ötən həftə Avropa nəşrlərinə xəbər ötürülməsi üçün ordu məlumat bazasından məlumat çıxarmaqda şübhəli bilinərək həbs edilib.