Netanyahu və Zamir Qəzzada etnik təmizləməni müzakirə ediblər

Məlum olub ki, İsrailin baş naziri Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında mülki vətəndaşların Qəzzadan deportasiya edilməsi planları ətrafında qızğın mübahisə olub.
İsrail mediası bildirib ki, cümə axşamı axşam saatlarında İsrail baş nazirinin ofisində “şiddətli qarşıdurma” baş verib. Gərgin görüş Qəzza zolağında gələcək əməliyyatlarla bağlı siyasi və hərbi rəhbərlik arasında dərin çatları üzə çıxardı.
İsrailin “Kanal 12” televiziyasından siyasi müxbir Yaron Avrahamın verdiyi məlumata görə, mübahisəli görüşün əsas mövzusu əsir mübadiləsi danışıqlarının yaxın günlərdə iflasa uğraması halında işğalçı qüvvələrin atacağı addımlar olub.
İclasda baş nazir Benyamin Netanyahu, Baş Qərargah rəisi Eyal Zamir və bir neçə ifrat sağçı nazir iştirak edib. İsrail mediasının məlumatına görə, görüş müharibənin başlanğıcından bəri siyasi və hərbi rəhbərlik arasında “ən səs-küylü toqquşmaya” səhnə olub.
İfrat sağçı nazirlər ordunu ittiham edir
Məlumata görə, nazirlər Bezalel Smotrich və Itamar Ben Gvir Qəzzadakı əməliyyatlarda ordunu hədəfə alıb və onu məqsədlərinə çatmamaqda ittiham edərək sərt tənqidlər ediblər. Nazirlər Zamirə “Sən vədinə əməl etmədin” deyib.
Bu kontekstdə, TheMediaLine-də dərc olunan hesabata görə, İsrail koalisiyasının “ən çətin” qanadlarından ikisi olan Dini Sionizm və Otzma Yehudit üzvləri baş nazir Benyamin Netanyahuya HƏMAS ilə yeni atəşkəs razılaşması üçün “əl uzmaması” barədə xəbərdarlıq ediblər.
İsrail ordusu öz işini görür
Bu ittihamlara cavab verən Baş Qərargah rəisi Eyal Zamir tərəddüd iddialarını rədd edərək, işğalçı ordunun ona verilən tapşırıqları yerinə yetirdiyini bildirib: “Biz bizə verilən tapşırıqları tam yerinə yetiririk”, – deyən Zamir siyasətçilərə “xüsusən də döyüşlərdə əsgərlər həyatını itirəndə öz sözlərini diqqətlə seçmək” barədə xəbərdarlıq edib.
Netanyahu isə öz növbəsində məsələni “geniş miqyaslı mülki evakuasiya planına” istinad edərək deyib: “Mülki əhalinin Qəzza zolağının cənubuna təxliyəsi üçün plan lazımdır”.
Netanyahu daha sonra HƏMAS-ın Qəzzanın heç bir hissəsində qalmasına heç vaxt icazə verməyəcəyini vurğulayıb: “Mən nəyin bahasına olursa-olsun HƏMAS-ın Qəzzada qalmasına icazə verməyəcəyəm”.
Smotrich həmçinin Qəzzanın şimalının tam mühasirəyə alınmasını təklif edərək kampaniyanın sərtləşdirilməsini dəstəkləyib: “Şimalda blokada həyata keçirin. Beləliklə, HƏMAS-ı tez bir zamanda devirəcəyik.”
Zamir: İki milyon insanı kim idarə edəcək?
Zamir bu təkliflərə qarşı çıxıb və planın mümkünlüyünü şübhə altına alıb: “Hərbi idarə istəyirsiniz? İki milyon insanı kim idarə edəcək?” – deyə soruşdu.
Zamir xəbərdarlıq edib ki, infrastruktur və planlaşdırma olmadan “mülki əhalinin köçürülməsi xaosa və İsrail qüvvələrinə qarşı qəzəb püskürməsinə səbəb ola bilər”. “Ac və qəzəbli insanları idarə etmək nəzarətin itirilməsinə səbəb ola bilər. Bu, üzümüzə partlaya bilər.”
Bu zaman Netanyahu səsini qaldıraraq deyib: “Ordusu və İsrail dövləti bununla məşğul olacaq. Mən hərbi idarəçilik istəmirəm, lakin onları böyük mülki əraziyə köçürmək istəyirəm. Alternativ Qəzzanın tamamilə yenidən işğalı olacaq, bu isə məhbusların ölümü deməkdir. Mən bunu qəbul etməyəcəyəm”.
Zamirin etirazlarına baxmayaraq, Netanyahu görüşü sərt bir əmrlə yekunlaşdırıb: “Təxliyyə planını hazırlayın. Vaşinqtondan qayıdanda masamın üstündə olsun”.
ydh