Netanyahunun ifadəsinin alınması sentyabr ayına qədər təxirə salınıb

Məhkəmə İsrailin baş naziri Binyamin Netanyahunun xəstəliyinə görə bu dəfəki ifadəsini növbəti dəfə təxirə salıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Dinləmələr iyulun 21 və 22-nə təyin edilmişdi, lakin iyulun 20-də Netanyahunun ofisi baş nazirin qida zəhərlənməsi səbəbindən özünü pis hiss etdiyini və buna görə də ona növbəti üç gün ərzində evdə qalması tapşırığı verildiyini bildirib.
Baş nazirin vəkili Amit Hadad məhkəmənin təxirə salınması barədə vəsatət verib.
İyulun sonunda İsrail məhkəmələri yay tətilinə çıxdığı üçün Netanyahunun işi üzrə məhkəmə prosesi sentyabra qədər təxirə salınıb.
Qeyd edək ki, 21 noyabr 2019-cu ildə İsrailin Baş prokuroru Netanyahuya rüşvətxorluq, fırıldaqçılıq və etimadın pozulması maddələri üzrə ittiham elan edilməsi ilə bağlı qərar qəbul edib.
Baş nazir isə öz növbəsində dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.