“Niyə boğazına qədər qan içində?”: III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi

Britaniya kralı III Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib.

Rəsmin müəllifi Conatan Yeo olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı “Drapers Hall”da sərgilənəcək.
Ancaq qırmızının bütün çalarlarının əks olunduğu portret qeyri-adi rəng sxeminə görə çoxlarının xoşuna gəlməyib. Böyük Britaniyada yeni kralın taxta çıxması ilə yeni dövrün başlanğıcını vurğulamalı olan qeyri-standart bədii qərar internetdə tənqid olunub. Bir çoxları əsərin onlarda dəhşət hissi yaratdığını, kralın isə iblisə bənzədiyini deyib, digərləri portretin kralın “boğazına qədər qana batdığı” assosiasiyası yaratdığını deyiblər.