Polkovnikdən XƏBƏRDARLIQ: Bakı erməni təxribatlarına SƏRT CAVAB hazırlayır
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, son günlər Azərbaycan Ordusuna qarşı erməni təxribatları durmandan artır:
“Xüsusən Azərbaycan Prezidentinin noyabrın 8-də Şuşada etdiyi çıxışdan sonra bu təxribatlar məqsədyönlü şəkildə qızışdırılır. Həmin təxribatlar həm Moskvadan, həm də İrəvandan idarə edilir. Ona görə də separatçıların olduğu nöqtələrdən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması, vəziyyəti dözülməz həddə çatdırıb. Bildiyim qədər müəyyən planlar var. Həmin planlar üzrə Azərbaycan Ordusu qarşıya qoyulan tapşırığı yerinə yetirəcək. Birdəfəlik başa düşməliyik ki, Ermənistan heç bir halda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək. İrəvan həmin öhdəlikləri bundan sonra yerinə yetirmək fikrində deyil. Diqqət edin, Rusiya rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan da Blinkenlə danışıb. Və birdən-birə Ermənistanın baş naziri bildirdi ki, bizim üçün Rusiyanın sülh sazişi ilə bağlı sənədi daha məqbuldur. Ona görə də, Azərbaycan vaxt itirmədən hərəkətə keçməlidir”.
Ehtiyatda olan polkovnikin fikrincə, belə davam edərsə, biz çox böyük problemlərlə baş-başa qalacağıq:
“Ona görə ki, artıq həm Ermənistanın, həm də separatçıların aktiv şəkildə silahlanması prosesi həyata keçirilir. Bu məsələdə Rusiya, İran, Fransa və digər ölkələr aktivlik nümayiş etdirirlər. Bu baxımdan separatçıların tərksilah edilməsi mütləq mənada labüddür və vacibdir. Biz vaxt itirə bilmərik. Əgər Paşinyan gün ərzində az qala 12 bəyanat verirsə, həmin bəyanatlar da bir-biri ilə ziddiyyət təşkil edirsə, biz öz addımlarımızı atmalıyıq. 10 noyabr üçtərəfli bəyanatından 2 il ötdü. Qeyri-qanuni silahlı birləşmələr hələ də Xankəndidədir. Rusiyalı sülhməramlılar da öz qeyri-səmimiliklərini açıq şəkildə büruzə verirlər”.
Üzeyir Cəfərov düşünür ki, hazırda Laçın dəhlizindən Azərbaycan vətəndaşlarının üzərinə yağdırılacaq silah-sursat daşınır:
“Biz dəfələrlə qeyd etmişik ki, 2021-ci ildə Ermənistanda istehsal olunan silah-sursat Azərbaycanın ərazisində peyda olub. Necə olur ki, vəziyyətə nəzarət etmək üçün gələn “sülhməramlılar” əslində əyyaşlıqla məşğuldur. Onlar ermənilərlə bir yerdə bu təxribatları genişləndirirlər. Düşünürəm ki, yaxın günlərdə Azərbaycan tərəfindən qəti addımlar atılacaq. Yaxın günlərdə Brüsseldə üçtərəfli görüşün keçirilməsi gözlənilir. Ermənistan təxribatlarının sayını daha da artıra bilər. Brüssel görüşündə onlara nəsə demək lazım olacaq. Amma İrəvanın deməyə sözü yoxdur. Soçi görüşündə, Brüsseldə, Praqada kifayət qədər müzakirələr aparılıb. Görünən odur ki, Ermənistan konkret addım atmaq istəmir. Əksinə, hoqqabazlıqla məşğuldur. Rusiyanın ATƏT-dəki keçmiş nümayəndəsi İqor Xovayev də ikibaşlı oyunlar oynayır. Bu həmin Xovayevdir ki, bir müddət əvvəl, Xankəndidəki baş terrorçu Araik Arutyunyanla görüşdü. Təəssüflər olsun ki, Azərbaycan tərəfi də bu məsələyə susqun mövqe sərgilədi. Xovayevdən soruşmaq lazım idi ki, sən rəsmi şəxssən və Azərbaycanın axtarışa verdiyi şəxslə hansı statusda görüşübsən?! Mənə elə gəlir ki, “Fərrux” qisas əməliyyatını hələ başa çatdırmamışıq. Bunun davamı gəlməlidir və məsələyə birdəfəlik nöqtə qoyulmalıdır. Bu məsələ çox uzadıla bilməz. Uzadılacağı təqdirdə, yenə də şəhidlərimiz, itkilərimiz olacaq”.
Publika.az