Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürəkdən sevinir.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticari sahələrdə faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.
Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Report