Prezident Pezeşkiyan Azərbaycan Respublikasının Xankəndi şəhərinə daxil oldu

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Dövlət Başçılarının 17-ci sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər edən İran Prezidenti Məsud Pezeşkiyan bir neçə dəqiqə əvvəl bu sammitin keçiriləcəyi Xankəndi şəhərinə daxil olub.
Prezident Pezeşkiyan səfər çərçivəsində, bu toplantıda çıxış etməklə yanaşı, sammitə qatılan bəzi ölkələrin dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.
Prezident Məsud Pezeşkian bu səfərin məqsədi barədə deyib: “Bu səfər İran, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq çərçivəsində müəyyənləşdirilib və 10 ölkə arasında regional əməkdaşlıqların ilk addımı hesab olunur. Azərbaycan, Türkmənistan, Əfqanıstan, Özbəkistan, Tacikistan və Qazaxıstan kimi ölkələr də bu tədbirdə iştirak edirlər.”
O əlavə edib: “İƏT 17-ci sammiti Azərbaycan Respublikasında keçirilir və bu toplantıda 10 ölkənin prezidentləri və yüksək səviyyəli rəsmiləri iştirak edəcək. Bu toplantı iqtisadi, ictimai və siyasi sahələrdə fikir mübadiləsi aparmaq, həmçinin regional mənafelər istiqamətində birgə əməkdaşlıq imkanları yaratmaq üçün bir fürsətdir.”
Prezident Pezeşkiyan regional əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib: “Ümid edirik ki, bu səfər siyasi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, bölgədə vəziyyətin yaxşılaşmasına, sülh və sabitliyin bərqərar olmasına, habelə qonşu ölkələr arasında əməkdaşlığın artmasına səbəb olacaq. Çünki bölgə ölkələri arasında həmrəylik nə qədər çox olarsa, bölgədə təhlükəsizliyi pozmaq istəyən düşmən qüvvələrin məkrli niyyətləri bir o qədər azalar.”