Putinlə Mahmud Abbas arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bu gün telefon danışığında Beynəlxalq dördlüyün himayəsi ilə konstruktiv şəkildə Fələstin-İsrail danışıqlarının tezliklə bərpasının vacibliyini vurğulayıblar.
SalamNews Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kreml bəyanat verib.
“Noyabrın 23-də Soçidəki danışıqları davam etdirən liderlər ikitərəfli əməkdaşlıq və Yaxın Şərq münaqişəsinin nizamlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, tərəflər Fələstin-İsrail danışıqlarının tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar”, – Kremlin bəyanatında belə deyilir.
Xatırladaq ki, noyabrın 23-də Soçidə Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla görüşündə Moskvanın Fələstin məsələsinin BMT Təhlükəsizlik Şurasının qərarlarına, iki müstəqil dövlətin təsisi əsaslarına uyğun olaraq və bütün sakinlərin maraqları nəzərə alınmaqla nizamlanmasının zəruriliyi ilə bağlı qəti mövqeyini açıqlayıb.
SalamNews.org