Qəzzada qırğın gecəsi

İsrail işğalçı rejiminin Qəzzanın şimalında gecə boyu həyata keçirdiyi hava hücumlarında 100-dən çox adam həlak olub.
Bu gün, 16 may 2025-ci il, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağının şimal bölgələrinə intensiv hava zərbələri endirib. Bu hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 100-dən çox insan həlak olub və ya itkin düşüb.
Hücumlar xüsusilə Beyt Lahya, Cəbəliyə Qaçqınlar Düşərgəsi və Tel əz-Zaatr bölgələrini hədəf alıb. İsrail Hərbi Hava Qüvvələri mülki yaşayış məntəqələrini bombalayaraq böyük dağıntılara səbəb olub.
Hücumlar zamanı Cəbəliyyənin Elbani bölgəsində Zeynati ailəsinə məxsus evin bombalanması nəticəsində çoxlu sayda insanın dağıntılar altında qaldığı bildirilib.
Bundan əlavə, İsrail ordusu köçkünlərin sığındığı Qəzzanın şimalında Sultanlar bölgəsindəki məktəbi mühasirəyə alıb. Bu ərazi İsrailin Zikim qəsəbəsinə yaxın yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edir.
İndoneziya xəstəxanası hücumlar nəticəsində ölən və yaralananlarla doludur. Bildirilib ki, Beyt Lahya və Cəbəliyyə bölgələrində davam edən bombardmanlar nəticəsində dağıntılar altında qalan yaralılara həkim qrupları çatmaqda çətinlik çəkir. İndiyədək dağıntılar altından 15 cəsəd çıxarılıb.
Qəzzanın cənubunda Xan Yunisin qərbində məktəbin yaxınlığındakı çadır İsrailin hava hücumunun hədəfi olub.
İsrailin Qəzza zolağına son üç gündə davam edən hücumları nəticəsində 300-dən çox adam ölüb, 500-dən çox insan yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən davam edən hücumları Qəzzada böyük humanitar böhrana səbəb olub. Bu prosesdə 172.000-dən çox insan həyatını itirdi və ya yaralandı.
İsrailin blokadası səbəbindən Qəzzada ərzaq, məişət ləvazimatları və tibbi ləvazimatların ciddi çatışmazlığı yaşanır.