Qəzzadakı 32 xəstəxana xidmət dövriyyəsindən çıxarılıb
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudrə Əl-Cəzirə ilə müsahibədə Rəfahda qalan 3 xəstəxanada sıxlıq olduğunu və lazımi xidmətləri göstərmək imkanına malik olmadığını bildirib.
“İşğalçılar 150 tibb mərkəzini dağıdıb və 32 xəstəxananı istismardan çıxarıb.” – Əşrəf Əl-Qudrə deyib.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü daha sonra qeyd edib ki, “işğalçı qüvvələr Qəzza zolağının şimalına tibbi avadanlıq və yanacaq çatdırmaqdan imtina edir. İmkansızlıqdan şimalda tibbi xidmət göstərə bilmirik.”
Dünən Qəzzaya qarşı müharibənin 140-cı günündə Qəzza Səhiyyə Nazirliyi Qəzza zolağının şimalında yarım milyon Fələstin vətəndaşının səssizcə aclıqdan əziyyət çəkdiyini və həyatlarının təhlükə altında olduğunu açıqlayıb.
Bu gün bu nazirlik elan edib ki, son 24 saat ərzində işğalçıların Qəzza zolağında həyata keçirdikləri 8 yeni qətliamla şəhid olanların sayı 29 min 606 nəfərə, yaralananların sayı isə 69 min 737 nəfərə çatıb.
Mövcud vəziyyəti “ölüm üçbucağı” kimi xarakterizə edən Qəzzadakı tibb mənbələri İsrail işğalçılarının Qəzza zolağının sakinlərini bombardmanlara, aclıq və epidemiyalara məruz qoyduğunu bildirir.
Əl-Cəzirə müxbiri ilə söhbətinin başqa bir hissəsində Əşrəf Əl-Qudrə bu gün “Qəzza zolağında bir milyondan çox insanın açıq-aşkar qida çatışmazlığından əziyyət çəkdiyini” vurğulayıb.
Sonda Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, biz beynəlxalq qurumlardan Qəzza zolağında səhiyyənin vəziyyətini xilas etmək üçün müdaxilə etmələrini xahiş edirik.