Qafqazdan Sahelə qədər alovlana bilər – Fişer
Qəzza zolağı ilə bağlı hazırkı böhran Yaxın Şərqi qlobal münaqişə həddinə çatdırır.
Bu sözləri Almaniyanın keçmiş xarici işlər naziri və keçmiş vitse-kansler Yoşka Fişer İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, proses Birinci Dünya müharibəsinə səbəb olan 1914-cü il hadisələrini xatırladır.
Fişerin sözlərinə görə, indi söhbət heç kəsin fayda görməyəcəyi yeni geosiyasi qütbləşmədən gedir. O qeyd edib ki, hazırda Qərbin Kiyev və Təl-Əvivin, Rusiya və Çinin, eləcə də demək olar ki, bütün qlobal cənubun isə əks-tərəfdə dayandığı yeni dünya düzəni formalaşır:
“Bu, Qərbin sadəcə olaraq qəbul edə bilməyəcəyi dinamikadır. Bunu dayandırmaq üçün titanik diplomatik səylər lazımdır”.
Fişer qeyd edib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələrlə yanaşı, Qafqazda, Balkanlarda Serbiya və Kosova arasında, eləcə də Afrikada, Sahel zonasında potensial müharibə ocaqları mövcuddur:
“Çin dənizində və Tayvan boğazında hərbi münaqişə təhlükəsi artır və nəticədə Amerika və Çin supergücləri bu münaqişələrdə birbaşa iştirak edə bilər”.