Qalibaf: Sionist rejimin Qəzzadakı əməlləri nasistlərin cinayətlərini xatırladır

İran İslam Məclisinin sədri Məhəmmədbaqir Qalibaf bildirib ki, sionist rejimin Qəzzada törətdiyi vəhşiliklər nasistlərin cinayətlərini xatırladır və İsrailə qarşı çıxmaqda hər anlıq gecikmə, XXI əsrin nasistlərinin cinayətlərində şərik olmaq deməkdir.
Qalibaf bu sözləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa sadiqliyin beynəlxalq sülh və təhlükəsizliyin təminində rolu mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib. O, bu çıxışı Cenevrədə keçirilən Dünya Parlament Sədrlərinin 6-cı Konfransı çərçivəsində edib.
O qeyd edib:
“Bu gün biz burada yalnız söz mübadiləsi üçün toplaşmamışıq, ədalət bayrağını qaldırmaq üçün buradayıq – o zülm burulğanına qarşı ki, bəşəriyyəti uçuruma aparır. Qəzzada – dünyanın bu yaralı bucağında – elə bir fəlakət yaşanır ki, yalnız bəşər tarixinin ən qaranlıq səhifələri ilə müqayisə edilə bilər.”
Qalibaf əlavə edib:
“Biz XXI əsrin nasistlərinin dirçəlişinə şahidik. Soyuqqanlılıqla və planlı şəkildə həyata keçirilən bu cinayətlər sanki tarixin ən dəhşətli kabuslarından çıxıb gəlmişdir. İsrail adlı aparteid rejimi bu gün yalnız Fələstin xalqını deyil, bütövlükdə insan sivilizasiyasını təhqir edəcək bir soyqırımı həyata keçirir.”
İran parlamentinin sədri çıxışını belə tamamlayıb:
“Bu nitq bir fəryaddır– soyqırıma qarşı bir çağırış, dünyanı oyatmağa bir hayqırtıdır. Mən bu gün İran xalqı və yer üzündəki hər bir sağlam vicdan sahibinin adından deyirəm: XXI əsrin nasistləri dayandırılmalıdır – yoxsa bəşəriyyət bu zülm girdabında əbədi itib gedəcək.”