Qarabağ uğrunda döyüşlərdə şəhid olan ilahiyyatçı Maarif Səfərov
Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilib. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən! Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu və məğrur edib. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Bu ibrət dərslərindən birini də İkinciQarabağ müharibəsində öz rəşadəti və qəhrəmanlığı ilə Cəlilabad rayonundan olan İlahiyyatçı Maarif Səfərov keçdi. Hələ iyul ayında Tovuz istiqamətində mənfur düşmənin növbəti təxribatı zamanı könüllü olaraq xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdi. İkinci Qarabağ müharibəsində isə onun bu arzusu reallaşdı.
Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi ilahiyyatçı Maarif Səfərov döyüş zamanı bir çox rayonların işğaldan azad edilməsində birbaşa iştirak etmiş və qəhrəmanlıq göstərmişdir.
Şəhidin atası Mikayıl Səfərov övladı ilə bağlı danışarkən bildirib ki, MAarif Murov dağında xidmətdə olarkən General-mayor Polad Həşimov onun komandiri olub. Komandirinin şəhid olması xəbəri Maarifi çox sarsıtmışdı.
Mikayıl Səfərov həmçinin əlavə edib ki, Maarif müharibə zamanı öz əsgər yoldaşlarına şəhadətin necə şərəfli bir zirvə olduğunu və düşmən tapdağında olan torpaqların geri qaytarılmasının labüd olduğunu izah edib.
Maarifin anası Tamara xanım da oğlu ilə bağlı danışarkən bildirib ki, Maarif çox gülərüz, mehriban, dininə bağlı və vətənpərvər bir gənc olub.
Maarifin ailə üzvləri də onunla bağlı xatirələrindən danışıblar.
Maarifin döyüş yoldaşı qazi Gülverdi Bəbirov isə şəhidimizin döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb.
Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən, torpaq uğrunda canından, qanından keçən Maarif kimi saysız-hesabsız, unudulmaz qəhrəmanları var. Vətən yolunda canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Inter.az