Quterreş Qəzzədə etnik təmizləməyə qarşı qlobal mövqe nümayiş etdirməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş sionist rejimin Qəzzənin şimalına vəhşicəsinə hücumları ilə eyni vaxtda bu ərazidə fələstinlilərə qarşı etnik təmizləməyə qarşı güclü şəkildə beynəlxalq mövqe nümayiş etdirməyə çağırıb.
İRNA-nın cümə axşamı “Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, Quterreş xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət bu vəziyyətin qarşısını almaq üçün qətiyyətli mövqe tutmasa, Təl-Əviv Qəzzədə “etnik təmizləmə” həyata keçirə bilər.
Quterreşin bu çağırışı çərşənbə axşamı sionist rejimin Qəzzənin şimalına vəhşicəsinə hücumlarının ardıncadır. Belə ki, sionist rejimin Beyt Lahya bölgəsinə qəddar hücumu nəticəsində ən azı 93 nəfər həlak oldu. BMT-nin məlumatına görə, İsrail rejiminin çərşənbə axşamı günü hücumu, son bir həftədə Təl-Əvivin ən azı 7 hücumdan yalnız biridir və nəticədə bölgənin çoxlu sakini həlak olmuşdur.
Eyni zamanda, hesabatlar Qəzzəyə yardım göndərilməsinin mümkün olan ən aşağı səviyyəyə qədər kəskin azaldığını göstərir. Bu məsələ sionist rejimin qalan Fələstin əhalisini Qəzzə zolağından qovmaq niyyətində olduğuna dair fərziyyələri artırıb.
BMT-nin Baş katibi Kolumbiyada keçirilən COP16 biomüxtəliflik konfransı çərçivəsində bununla bağlı bildirdi: “Məqsəd, fələstinliləri Qəzzəni tərk etməyə məcbur etmək ola bilər ki, başqaları oranı işğal etsin. Lakin mən Fələstin xalqının cəsarətinə və əzmkarlığına və ərəb dünyasının etnik təmizləmənin qarşısını almaq əzminə hörmətlə yanaşıram.”