Rəisi: ABŞ-ın bölgədən əlini kəsmək təhlükəsizliyin həllidir
İran İslam Respublikasının Prezidenti deyib: Bölgədəki problemlərin həlli və əmniyyətin təmini regiondan ABŞ və əcnəbilərin əl-qolunu kəsməkdən asılıdır.
Höccətül-İslam Seyid İbrahim Rəisi çərşənbə axşamı günorta Qətərdə keçirilən Qaz İxrac edən Ölkələrin VI Zirvə Toplantısında Əlcəzair Prezidenti Əbdülməcid Tabun ilə görüşüb. O, Əlcəzair xalqının müstəmləkəçilər qarşı inqilabi ruhunu və müqavimətini yüksək qiymətləndirib.
Rəisi deyib: “Tarix göstərir ki, xalqların tiranlara qarşı müqaviməti səmərəli olmuşdur. İran və Əlcəzairin bir-biri ilə yaxşı əməkdaşlığı var, lakin bu səviyyədə qarşılıqlı fəaliyyət kifayət deyil. Hər iki ölkənin istəyinə əsasən, Tehran-Əlcəzair əlaqələri ikitərəfli, regional və beynəlxalq arenada daha da genişləndirilə bilər.”
Rəisi Əlcəzairin sionist rejimə qarşı haqtələb mövqeyini də yüksək qiymətləndirib:
“Ölkənizin sionist rejimin Afrika İttifaqında müşahidəçi kimi üzvlüyünə qarşı çıxması məzlum Fələstin xalqının hüquqları və Qüdsün azad edilməsi idealının dəstəklənməsi istiqamətində dəyərli addımdır.”
Əlcəzair Prezidenti Əbdülməcid Tabun da ölkəsinin İran İslam Respublikası ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirmək arzusunda olduğunu bildirib və deyib: “Biz iki ölkə liderlərinin qarşılıqlı fəaliyyəti gücləndirmək iradəsini ölkələrimizin bütün icraedici səviyyələrinə çatdırmalıyıq ki, əməkdaşlıq üçün mövcud imkanlar mümkün qədər tez işlək və aktiv olsun.”