Rəsmi Dəməşq Trampın Bəşər Əsədi terror etmək iddiasına münasibət bildirib
“ABŞ prezidenti Donald Trampın Bəşər Əsədi terror etməklə bağlı açıqlaması onu göstərir ki, bu administrasiya yolkəsən quldurların üslubu ilə işləyir.”
SalamNews SANA-a istinadla xəbər verir ki, bunu Suriya Xarici İşlər Nazirliyində bir rəsmi mənbə deyib.
Suriya rəsmisi bildirib ki, ABŞ prezidenti Donald Trampın bu açıqlaması onu göstərir ki, “onun administrasiyası quldur tək yolkəsənlik edir.”
Suriya rəsmisi əlavə edib:
“Bu açıqlama onu göstərir ki, ABŞ Administrasiyası hansı düşüncüyə və hansı alçaq siyasi üsluba əl atmağa tənəzzül edib. Bu yolkəsən quldurların metodudur. Bu etiraf onu göstərir ki, ABŞ hökuməti qanundankənar, özünü qanunun fövqündə bilən, terror təşkilatlarının istifadə etdiyi üslubdan istifadə edən bir dövlətdir.”
Qeyd edək ki, Tramp bundan öncəki açıqlamasında Suriya prezidenti Bəşər Əsədin 2017-ci ildə terror edilməsi təklifini verdiyini, lakin həmin zamankı müdafiə naziri Ceyms Mettisin bunun əleyhinə çıxış etdiyini bildirib.